Tarix

      Respublikamızda mühəndis hazırlanmasında əvəzsiz xidmətləri olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin tarixi keçən əsrin 20 – ci illərindən başlayır. 1920 – ci ilin may ayında Azərbaycan Xalq Maarif Komissarlığının sərəncamına əsasən Bakıda Politexnik İnstitutunun açılması ilə bağlı komissiya təşkil olunur. Komissiyanın fəaliyyətinin nəticəsi olaraq 1920 – ci il noyabrın 16 – da N. Nərimanov tərəfindən Bakı Politexnik İnstitutunun təsis olunması haqqında dekret imzalanır. Həmin ildə bu institutun əsas fakültələrindən biri də mühəndis – tikinti fakültəsi oldu. Bu fakültə texniki məktəbin zəngin avadanlığı olmayan tikinti şöbəsinin bazasında yaradılmışdır. Mühəndis – tikinti fakültəsi təşkil olunduğu gündən memarlıq, yol, liman və hidrotexnika ixtisasları üzrə mütəxəssis hazırlığına başlandı. 
1920 –ci ildə həmin fakültədə 110 tələbə təhsil alırdı ki, onlar da buraya texniki məktəbdən keçmişdilər. İldən - ilə fakültədə tələbələrin sayı artmağa başladı. Onların sayı 1921 – ci ildə 170, 1922 – ci ildə 216, 1923 – cü ildə 267, 1925 – cildə isə 454 nəfər oldu. Keçmiş Sovet İttifaqının digər şəhərlərindən dəvət olunan yüksək ixtisaslı müəllimlərin hesabına institutun professor – müllim heyəti də tədricən artırdı. 
     Xalqımızın ümümmilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 1975 - ci ildə Azərbaycan SSR Nazirlər Soveti ölkədə memarlıq, tikinti və iqtisadiyyatın digər sahələri üçün yüksək ixtisaslı kadrlar hazırlamaq məqsədi ilə Azərbaycan İnşaat Mühəndisləri İnstitiutunun yaradılması haqqında qərar verdi. Bu qərara əsasən 1975 - ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun 4 fakültəsi və bir neçə ixtisas kafedrasının bazası əsasında yaradılan Azərbaycan İnşaat Mühəndisləri İnstitututu müstəqil  fəaliyyətə başladı. Universitetin tarixi xalqımızın ulu öndəri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Çünki universitet sonrakı fəaliyyətində də daim bu böyük şəxsiyyətin qayğısını hiss etmiş, ümümmilli lider 1976, 1981 - ci illərdə universitetdə olmuş, onun tövsiyyələri sayəsində bu tədris ocağı bugünkü böyük nailiyyətlərə imza atmış, bu illər ərzində şanlı və şərəfli bir yol keçmişdir.
 
    
        
     1991 ci ildə institutda 45 mindən çox kitab fonduna malik olan əsaslı kitabxana fəaliyyət göstərirdi. Həmin il 4 şöbə, 2 bölmə və 5 filialdan ibarət olan kitabxananın fondundan 12 minə yaxın oxucu istifadə etmişdi. Bütün bunlar tələbələrin asudə vaxtlarının təşkilində, elmi biliklərinin artırılmasında və onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rol oynayırdı. 
    2000-ci il iyun ayının 13-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin Fərmanı ilə bu ali məktəb Azərbaycan Memarlıq və İnşaat Universiteti adlandırılmışdır. 
    Universitetimiz bu illər ərzində respublikamızda baş verən sosial-iqtisadi inkişafla sıx bağlı olmuş, memarlıq və inşaat elminin, təhsilinin təşəkkülündə və inkişafında mühüm rol oynamışdır. Təhsil ocağımızda yetişdirilən kadrlar Azərbaycanın iqtisadiyyatının inkişafında böyük rol oynamışlar. Məzunlarımız ölkəmizdən kənarda da səmərəli fəaliyyət göstərmiş, universitetimizin adını yüksəklərə qaldırmışlar.