QS-in regional direktoru: AzMİU bir neçə istiqamətdə uğurla irəliləyir

AzMİU-nun rektoru Gülçöhrə Məmmədova QS-in regional direktorunu qəbul edib 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Ali təhsil sahəsində beynəlxalq analitik agentlik olan “Quacquarelli Symonds”in (QS) regional direktoru Sergey Xristolyubovu qəbul edib.
Dəyirmi masa ətrafında keçən görüşdə 2024-cü il QS reytinqindəki uğur, perspektiv və hədəflərdən bəhs olunub.

Gülçöhrə Məmmədova AzMİU-da elmi potensialın gücləndirilməsi, beynəlxalq elmi əməkdaşlıqların artırılması, prioritet sahələrdə xarici universitetlərlə tədqiqat və təhsil layihələrinin həyata keçirilməsi, müəllim və tələbə mübadiləsi proqramlarının inkişafı, elmi nailiyyətlərin yüksəldilməsi yönümündə görülən konkret işlərə toxunub. Rektor beynəlxalq reytinqlərdə irəliləməyi hər zaman hədəf qoyan AzMİU-nun qlobal rəqabət qabiliyyətini artırmaq yönümündə daim çalışdığını bildirib. 

Görüşdə QS-in regional direktoru Sergey Xristolyubov universitetin fəaliyyətindən məmnunluğunu ifadə edib.  QS reytinqindəki bir neçə istiqamət üzrə AzMİU-nun uğurla təmsil olunduğunu deyən qonaq bu münasibətlə Gülçöhrə Məmmədovanı təbrik edib. Sergey Xristolyubov bildirib ki, AzMİU-nun QS reytinqində yer alması sevindiricidir və universitetin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.
 

03-05-2024