Universitetin Təbliğat-təşviqat qrupu “Gələcəyinin memarı ol” devizi ilə bölgə məktəblərinə ezam olunub
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Təbliğat-təşviqat qrupunun üzvləri “Gələcəyinin memarı ol” devizi ilə bölgələrə ezam olunublar. İxtisas seçimində çətinlik çəkən şagirdlərə dəstək məqsədi daşıyan görüşlər paytaxt və bölgələrdə yaşayan məktəbliləri AzMİU barədə məlumatlandırmaq, universitetin ixtisaslarına marağı artırmaq, öz gələcək tələbələrini onlar arasından seçməyi hədəfləyir.
Təbliğat-təşviqat qrupunun üzvləri bu dəfə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə daxil olan Gəncə, Göygöl, Daşkəsən, Goranboy rayonlarında olub, yuxarı sinif şagirdləri ilə görüşüblər.
AzMİU-nu bu görüşlərdə Təbliğat-təşviqat qrupunun üzvləri Universitet şəhərciyinin direktoru, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin müəllimi dosent Aqşin Kərimov, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, İnşaat fakültəsinin dekan müavini Tural Əliyev, Abituriyent Məsləhət Mərkəzinin rəhbəri Aynurə Bayramova və mərkəzin əməkdaşı Rəna Cəbrayılova təmsil ediblər.
Ünsiyyət zamanı şagirdlərə AzMİU haqqında ətraflı məlumat verilib, universitetdə tələbələrin mükəmməl ali təhsil alması yönümündə yaradılan şəraitdən danışılıb. Bildirilib ki, AzMİU memarlıq, inşaat və mühəndislik istiqamətində ölkəmizin ən qabaqcıl universitetidir. Burada təhsil 3 dildə – Azərbaycan, rus, ingilis dillərində aparılır. AzMİU xarici tələbə sayına görə ölkənin ən böyük ali təhsil ocaqlarından biridir.
Əməkdaşlarımız, həmçinin universitetə qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan əsas göstəricilər, eyni zamanda ikili diplom proqramları və onlara müraciət qaydaları, ixtisaslar, fakültələr, təhsil haqqı məsələləri, ixtisaslar üzrə ölkə daxili və xarici təcrübə şansları istiqamətində söhbət aparıblar.
AzMİU haqqında geniş məlumatlandırmadan sonra abituriyentləri maraqlandıran suallar cavablandırılıb, Təbliğat-təşviqat qrupunun üzvləri tərəfindən ixtisas seçimində çətinlik çəkən məktəblilərə dəyərli məsləhətlər verilib.