Elmi Şuranın iclasında universitetin vətənpərvərlik siyasətinə dair məruzə və Təhsil və Elm Komissiyasının 1 illik hesabatı dinlənilib
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib. Elmi şuranın sədri, rektor professor Gülçöhrə Məmmədova iclas iştirakçılarını salamlayaraq gündəlikdə duran məsələlərlə onları tanış edib.
Gündəlikdə duran ilk məsələ - “Universitetdə gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində tələbə ictimai təşkilatları ilə birgə fəaliyyət” barədə hesabatla Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev çıxış edib.
Prorektor qeyd edib ki, universitetdə tələbələrin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnməsi və şəxsiyyət kimi yetişməsi üçün ardıcıl işlər həyata keçirilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiq qalan AzMİU keçirdiyi tədbirlərlə gənc nəsli vətənə, millətə bağlı şəxsiyyət kimi yetişdirir.
Növbəti hesabat isə İnşaat fakültəsinin dekanı dosent Sahib Fərzəliyevin “Təhsil və Elm Komissiyasının 1 illik hesabatı”na dair olub. Hesabatda 1 il ərzində görülən işlər, komissiyanın monitorinqləri, uğurlar və çatışmazlıqlar haqqında detallı məlumat verilib.
Məruzəçilər Elmi Şura üzvlərinin suallarını cavablandırıb və məruzə mövzuları ilə bağlı çıxışlar edib.
Elmi şuranın sədri Gülçöhrə Məmmədova çıxış edərək hesabatlara münasibətini bildirib, toxunulan məsələlərlə bağlı tapşırıq və tövsiyələrini verib.
Elmi Şurada digər cari məsələlərə də baxılıb, müvafiq qərarlar qəbul edilib. Cari məsələlərə çıxarılan AzMİU-nun Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasının dosenti S.A.Vəliyevanın “Azərbaycan Respublikasında kənd təsərrüfatında suvarma təminatının yaxşılaşdırılması” adlı monoqrafiyası təsdiq edilib.