Təbliğat-təşviqat qrupu Sumqayıt məktəblilərinə “Gələcəyinin memarı ol” deyiblər
AzMİU-nun Təbliğat-təşviqat qrupunun “Gələcəyinin memarı ol” devizi altında apardığı kampaniya uğurla davam edir. İxtisas seçimində çətinlik çəkən şagirdlərə dəstək məqsədi daşıyan görüşlər paytaxt və bölgələrdə yaşayan məktəbliləri AzMİU barədə məlumatlandırmaq, universitetin ixtisaslarına marağı artırmaq, öz gələcək tələbələrini onların arasından seçməyi hədəfləyir.
Bu dəfə Memarlıq və Dizayn fakültələrinin əməkdaşları, müəllim və tələbələri təbliğat-təşviqat kampaniyası çərçivəsində Sumqayıt məktəbliləri ilə görüşüblər.
Sumqayıt şəhəri İstedad liseyi, Təbiət Elmləri Təmayüllü Gimnaziya, N.Tusi adına 12 saylı və 15 saylı tam orta məktəblərində keçirilən görüşlərdə şagirdlər və məktəb rəhbərliyi iştirak ediblər.
Təbliğat-təşviqat qrupu getdikləri məktəblərdə şagirdlərə AzMİU-nun üstünlükləri, tədris prosesi, fakültələr, ixtisaslar və onların təcrübə imkanları, beynəlxalq əlaqələri, ikili diplom layihələri ətrafında məlumat veriblər. Universitetin xüsusi qabiliyyət tələb edən memarlıq və dizayn ixtisaslarına müsabiqə şərtləri, tələb olunan əsas göstəricilərindən danışıblar. Tələbələrin öz dilindən universitetdə tədris olunan ixtisasların üstünlükləri qeyd olunub, AzMİU-da onlara yaradılan şəffaf mühitdən söhbət açılıb. İctimai-sosial aktivliklərinin artırılması istiqamətində mütəmadi tədbir, yarış, turnir, vörkşop, master-klas, düşərgələrin təşkil edildiyi nəzərə çatdırılıb.
Yekunda universitet nümayəndələri tərəfindən AzMİU-nun tanıtım videoçarxı təqdim olunub, abituriyentlərin sualları cavablandırılıb.
Qeyd edək ki, AzMİU-nun təbliğat-təşviqat qrupu bundan öncə də paytaxt və bölgələrdə məktəblilərlə görüşüb, gələcək tələbələrə universitetin ixtisasları, fakültələri, təhsil imkanlarından bəhs ediblər.