Memarlıq
Memarlıq ixtisasının təsviri
Memarlıq fakültəsi Azərbaycanda memarlıq təhsilinin əsasını qoymuş elm ocaqlarından biridir. 100 ildən artıq tarixi olan fakültə öz köklü ənənələrinə görə universitetimizdə və memarlıq ixtisasını tədris edən digər ali məktəblər arasında həmişə seçilmişdir. Fakültə indiki Neft və Sənaye institutunun tərkibində İnşaat fakültəsinin bir bölməsi kimi 1920-ci ildən fəaliyyət göstərir. Sonrakı dövrlərdə indiki Texniki Universitinin İnşaat fakültəsinin bir bölməsi olaraq fəaliyyətini davam etdirmiş, 1968-ci ildə isə müstəqil Memarlıq fakültəsi yaradılmışdır. Fakültənin mövcud olduğu illərdə ona ölkənin tanınmış memarları rəhbərlik etmişdir: B.G.Revazov, H.Ə.Məcidov, E.İ.Kanukov, R.H.Əbdülrəhimov, R.M.Sofiyev, N.H.Nağıyev, T.T.Teyyubov, S.H.Orucov, T.Ə.Abdullayev, X.Ə.Cəfərov.
Fakültədə memarlıq üzrə respublikanın ən tanınmış alimləri və praktik memarları fəaliyyətlə məşğul olmuşdur: akademik M.Ə.Useynov, akademik Ə.Ə.Qasımzadə, prof.L.S.Bretanitski, prof.Q.M.Əlizadə, prof.D.A.Axundov, prof.M.N.Nəcəfov, prof.N.Ə.Əliyev, prof.T.H.Muradxanova, prof.R.H.Əliyev, prof.R.M.Həsənov, dos.T.Mehdiyev, dos.N.Kəngərli, prof.N.Rzayev, Q.Ə.Səlimxanov və b. öz bilik və bacarıqlarını yeni nəsil memarlarının formalaşmasına yönəltmişdir.
Memarlıq tikinti ilə sıx bağlıdır, buna görə də bu sahə ən qədim sahələrdən biridir. Memarlıq günümüzdə ən vacib və tələb olunan peşələrdən də hesab olunur. Bütün dünyada müxtəlif memarlıq üslubunda tikilmiş bir çox bənzərsiz saraylar, ibadətgahlar, yaşayış binaları, körpülər var. Bu və ya digər binanın gözəlliyi insanlarda müəyyən hisslər və əhval-ruhiyyə yarada bilər. Memar layihələr ilə məşğul olur, bina və fasadların planını hazırlayır. Qeyd olunduğu kimi bu ixtisas yaradıcılıq tələb edir. Belə ki, memar burada gözəllik haqqında təsəvvürlərini reallaşdırır. Memarlar evləri, ofisləri, fabrikləri, ofis binalarını və başqa quruluşları planlayıb, dizayn edirlər. Onlar,həmçinin ilkin rəsmləri hazırlamaq üçün tikintiyə baş çəkir, müştərinin istəyinin yerinə yetməsi üçün irəliləyişi izləyirlər. Bunlardan əlavə olaraq, memarlıqda landşaft bölümü də var. Landşaft memarları parkları, kampusların açıq hava hissələrini, istirahət məkanlarını, şəxsi evləri və başqa açıq məkanları dizayn edirlər.
Bu ixtisas üzrə lazım olan bilik və bacarıqlar (kompetensiyalar)
İxtisası üzrə dərin biliklərə yiyələnməli;
Layihələndirməni, dizaynı (interyer eksteryer ) maketləşməni dərindən öyrənməli;
Rəsmxət çəkməyi bacarmalı;
Avtomatlaşdırılmış layihələndirmə sistemləri, rəsm və qrafika sahəsində rəssamlıq biliklərinə sahib olmalı;
Kompüter biliklərinə yiyələnməli (AutoCAD, ArchiCAD, 3DsMAX + Vray) AutoCAD,ArchiCAD – binaların, tikinti obyektlərin və istənilən proyektlərin, çertyojların yaradılması vətərtibatı, realistik obyektlərin yenidən layihələnməsi proqramıdır;
Texnologiya və tikintinin əsas prinsiplərini bilməli;
İncəsənət tarixinə düzgün yiyələnməli;
Düzgün zövq və yaradıcılıq qabiliyətini formalaşdırmalı və memarlıq üslublarına sahiblənməlidir.
050626 Memarlıq ixtisası öyrədir:
- fəza təfəkkürünə malik olmağı; üçölçülü həndəsi modellərin iearxik strukturunu nəzərə almaqla və alınmış nəticələrin tətbiq olunma hədlərini qiymətləndirməklə layihələndirilməsini bacarmağı;
- tikinti obyektlərinin layihələndirilməsinin əsaslarını; tikililərin əsas konstruktiv sxemlərini, onların ayrı-ayrı hissələri, binaların rekonstruksiya metodlarına yiyələnməyi.
- layihə proseslərinin yerinə yetirilməsi, tətbiqi məsələlərin həllində kompüter texnologiyalarından istifadə etməyi bacarmağı; müasir memarlıq-dizayn modelləşdirilməsi və layihələndirilməsi ilə əlaqədar BİM proqramlarını mənimsəməyi, kompüter qrafiki vasitələrindən istifadə etməyi;
- memarlıq, plan–məkan, həcm-fəza kompozisiya qanunauyğunluqlarına, ixtisaslar üzrə layihələndirmənin əsaslarına, memarlığın əsas konstruktiv sistemlərinə, onların ayrı-ayrı hissələrinə, memarlıq, şəhərsalma, landşaft abidələrinin bərpası və memarlıq - dizayn layihələndirməsinin əsas mərhələlərinin metodlarına yiyələnməyi;
- işıq, rəng, akustika, klimatologiya və s. təbii-fiziki amillərin memarlıq - şəhərsalma, landşaft və mühit dizaynı ilə əlaqəli problemlərini təhlil etməyi bacarmağı;
- müasir inşaat konstruksiyaları və texnologiyaları, onların təşkili və idarə olunmasını, binaların mühəndis sistemlərinin və memarlıq mühitinin ekologiyasını və müasir layihələndirməyə kompleks bilikləri tətbiq etməyi;
- memarlıq mühitinin, bütövlükdə şəhər və s. məskənlərin ekosistemdə yeri, əlaqəli təsirləri və tənzimlənməsinin nəzəri biliklərini təhlil və tətbiq etməyi bacarmağı;
-memarlıq obyektlərinin memarlıq - tipoloji, sosial - psixoloji, milli kulturoloji əlamətlərini fərqləndirməyi;
- kollektivlə uyğunlaşmağa və işləməyə hazır olmağı, idarəetmə üsulları ilə tanış olmağı, müxtəlif fikirlərin mövcud olduğu şəraitdə idarəetmə məsələsinin həllini qəbul etmək üçün təhlil aparıb, düzgün qərar qəbul etməyi;
- memarlığın inkişaf istiqamətləri, tikinti qurğularının konstruktiv həllinin üsullarını bilməyi;
- ixtisas hazırlığına uyğun texnika sahələrinin əsas elmi-texniki problemlərini və inkişaf perspektivlərini və onların qonşu sahələrlə əlaqəsini bilmək, onları konkret məsələlərin həllində tətbiq etməyi;
- tədqiqatın mövzusuna uyğun olaraq ölkə və xarici təcrübələri, eyni zamanda elmi-texniki məlumatları təhlil etməyi;
- memarlıq sahəsində xarici ölkə mütəxəssisləri tərəfindən yerinə yetirilmiş layihələri təhlil və ekspertiza etməyi.