AzMİU TGT “İlin Tələbə Gənclər Təşkilatı” seçildi

1 fevral tarixində Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində 2 fevral-Gənclər gününə həsr olunmuş "Tələbə Gənclər Təşkilatlarının Respublika forumu 2024" keçirilib.

Forumun əsas məqsədi TGT-lərin fəaliyyətinin səmərəliliyi, gələcək perspektivdə inkişaf strategiyasının müəyyən olunması və düzgün planlanma aparılmasına dəstək olmaq olub. Forum çərçivəsində İttifaq tərəfindən yenilənmiş loqoya keçən TGT-lərin elan olunması, TGT-lərin yenilənmiş əsasnaməsinin təqdimatı, müxtəlif panel görüşlər, seminar və vörkşoplar təşkil olunub.

Forumda Elm və Təhsil nazirinin müşaviri Nicat Məmmədli, Azərbaycan Gənclər fondunun icraçı direktor müavini Orxan Ərəbov, AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev və bir neçə universitetin prorektorları "Tələbə Gənclər Təşkilatlarının Təhsil müəssisəsi daxili adminstrativ və xidməti fəaliyyətlərə cəlbi və həmin proseslərdə rolu" mövzusunda panel müzakirədə iştirak ediblər.

Forumun yekununda isə respublikada fəaliyyət göstərən TGT-lər fəaliyyətlərinə görə mükafatlandırılıb.    `

Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tələbə Gənclər Təşkilatı "İlin Tələbə Gənclər Təşkilatı" adına layiq görülüb.

AzMİU-da Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən Gənc Rəssamlar klubu Respublika forumunda "İlin Tələbə Klubu" nominasiyasını alıb.

Daha sonra AZMUN proqramı çərçivəsində fəaliyyət göstərən BMT modeli klubların fərqlənməsi zamanı AzMİU Tələbə Gənclər Təşkilatı nəzdində fəaliyyət göstərən BMT modeli klubu "İlin BMT modeli klubu" seçilib.


 

02-02-2024