Elmi Şurada qəbul edilmiş qərarların icrası ilə bağlı aparılmış monitorinqin nəticələri açıqlanıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elmi Şurasının növbəti iclası keçirilib. Elmi Şuranın sədri, universitetin rektoru professor Gülçöhrə Məmmədova iclası açıq elan edərək, Şura üzvlərini salamlayıb, gündəlikdə duran məsələləri onların diqqətinə çatdırıb. 

Gündəliyə keçməzdən öncə universitetdə uzun müddətli elmi və pedaqoji fəaliyyətləri nəzərə alınmaqla müxtəlif vaxtlarda  “AzMİU-nun fəxri professoru” adını almış 11 aliminə “AzMİU-nun fəxri professoru” diplomları təqdim olunub. Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri Nurməmməd Məmmədova isə “AzMİU-nun fəxri professoru” adı verilib. 

Diplom təqdimatından sonra gündəlikdə duran əsas məsələlərə keçilib. 

İlk olaraq Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının müdiri, professor Nurməmməd Məmmədov “2023/2024-cü tədris ilinin I yarım ilində qəbul edilmiş qərarların icrası” adlı hesabatı dinlənilib. Hesabatda Elmi şurada qəbul edilmiş qərarların icrası ilə bağlı aparılmış monitorinqin nəticələri təqdim edilib, yarım ildə görülən işlər, şuranın qərarını yerinə yetirən fakültə, kafedra, şöbə və mərkəzlər barədə açıqlama əksini tapıb. 

Sonra Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadənin “Universitetin Strateji inkişaf planına uyğun olaraq 2023-cü ildə yerinə yetirilən işlər barədə” geniş və əhatəli hesabatı dinlənilib. 2023-cü il üçün qarşıya qoyulan strateji plana uyğun olaraq kafedralarda, mərkəz və şöbələrdə yerinə yetirilən işlərin monitorinqini təqdim edib. O, bildirib ki, AzMİU-da ötən il təhsil və elmi fəaliyyətin beynəlmiləlləşdirilməsi, elmi-tədqiqat bazasının gücləndirilməsi, təhsilin keyfiyyətinin artırılması istiqamətində müvafiq tapşırıqlar uğurla yerinə yetirilib. 

Hesabatların yekununda məruzəçi və çıxışçıların iştirakı ilə geniş müzakirələr təşkil olunub. Rektor Gülçöhrə Məmmədova müzakirələr zamanı səsləndirilən təkliflərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.

İclasda digər cari məsələlərə də baxılıb və müzakirəyə çıxarılan məsələlər ətrafında Şura üzvləri çıxış ediblər. Sonda təklif və rəylər dinlənilməklə müvafiq qərarlar qəbul edilib.

31-01-2024