Əməkdaşlarımız “Startup School” layihəsinin ilk məzunları arasında

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) əməkdaşları “Enterprise Azerbaijan” portalının “Startup School” layihəsinin ilk Məzun günündə iştirak ediblər. 
Məzun gününün rəsmi açılışında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlı, Özmən Sahibkarlıq Mərkəzinin direktoru Mehmet Serkan Tosun və “Enterprise Azerbaijan” portalının rəhbəri Mətanət Musayeva çıxış ediblər. 

Çıxışçılar layihə barədə ətraflı məlumat veriblər, müsabiqəyə təqdim edilmiş startapların uğurlu olduğunu qeyd ediblər.

AzMİU-nun əməkdaşları da həmin layihədə “KEEP UP” startap ideyası ilə təmsil olunublar. İdeyanın müəllifləri, universitetimizin əməkdaşları - Qənirə Məmmədzadə,  Lalə Əzimova, Tükəzban Həsənova, Xanlar Qəniyev və Nəsibə Əmirbəyovadır.

Mərasimdə müsabiqəyə təqdim olunmuş və sonuncu mərhələyə qədər gəlib çıxmış layihələrin müəllifləri öz startapları barədə təqdimatlar ediblər. Bu təqdimatlar əsasında münsiflər heyəti qalibləri müəyyən edib və onlar müxtəlif nominasiyalarda qalib elan olunublar.  

Xatırladaq ki, “Startup School” layihəsi Azərbaycanda startap ekosisteminin inkişafına dəstək vermək, yerli startapçıların qlobal tendensiyalara inteqrasiyasını sürətləndirmək, innovasiyaları inkişaf etdirmək üçün gənc startapçıları nəzəri və təcrübi biliklərlə təmin etmək, daha çox gəncin ideyalarını reallığa çevirmək, gənclərə innovativ sahibkarlıq ruhunu və mədəniyyətini aşılamaq, startapların yerli və xarici investorların diqqətinə çatdırılmasına yardım etmək və beləliklə, kiçik və orta biznesin böyüməsini stimullaşdırmaq məqsədilə təsis olunub.

23-05-2023