Vətən Müharibəsində fərqlənən Şəhid məzunumuz Eltac Əlizadə

        Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Şəhid məzunlarından biri də Eltac Əlizadədir.

       Eltac İsmayil oğlu Əlizadə  15 oktyabr 1996-cı ildə Tovuzun Catax kəndində doğulub. Şəhid Xəlil Cəfərov adına Çatax kənd tam orta məktəbində oxuyub. Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) alıb. Universiteti bitirdikdən sonra Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətə çağırılıb, 1 illik xidmətini ləyaqətlə başa vurub.

        Sonra yenidən mülki həyata qayıdan Eltac “Kristal Abseron” tikinti şirkətində mühafizəçi kimi fəaliyyətə başlayıb. 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi, hərbi təxribatı baş verdikdən sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış İdarəsinə gedərək, könüllü olaraq orduya yazılıb. Nəhayət sentyabrda istəyi yerinə yetən Eltac Azərbaycan Böyük Vətən Müharibəsinin ilk günündən döyüşlərdə olub, əks-hücum əməliyyatlarında fəal iştirak edib.

          Şücaətli döyüşçü Eltac ailənin tək oğlu idi, buna baxmayaraq, “Vətən uğrunda şəhid olmaq arzularımın ən böyüyüdür!” deyirmiş. Ön cəbhədən bacıları ilə telefonla danışan zaman “Mən Şəhid olsam, ağlamayın, başınızı dik tutun! Siz şəhid bacısı olacaqsınız!” söyləyib…

          Sərrast pulemyotçu Eltac cəbhənin müxtəlif istiqamətlərində düşmənə ağır zərbələr endirib. Döyüş yoldaşları Eltacın açdığı atəşlə yerə sərilən neçə düşmən saydıqlarını deyib. Füzuli, Qubadlı istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşən Eltac 27 oktyabr 2020-ci ildə şəhadət şərbəti içib.

Qürurla deyə bilərik ki, şəhid Eltac Əlizadə torpaqlarımızı öz qanı ilə yuyan mərd oğullarımızdan biri idi. Və adı kimi elin tacı oldu!

       Məzunumuz Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Döyüşdə fərqlənməyə görə” və  "Vətən uğrunda" medalları ilə təltif edilib.

      AzMİU kollektivi olaraq Şəhid məzunumuzun ailəsinə  başsağlığı verir və Allahdan səbr diləyirik!

 

VƏTƏN SAĞ OLSUN!

 

 

17-12-2020