Ümumilli Liderin 101-ci ildönümünə həsr olunmuş AzMİU birinciliyinin mükafatlandırılma mərasimi keçirilib

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) basketbol, voleybol, sərbəst güləş, şahmat, dama və futzal üzrə açıq birinciliklərinə yekun vurulub. Ötən ayın əvvəllərindən start götürən ənənəvi və silsilə yarışlarda universitetin 267 tələbə idmançısı öz qüvvələrini sınayıb. 

Yarışlara futzal idman növünün finalları ilə yekun vurulub. Gərgin və maraqlı keçən final görüşündə İnşaat fakültəsinin komandası Nəqliyyat fakültəsinin komandası üzərində 3:0 hesabı ilə qalib gələrək turnirin qalibi olub. 

3-cü yer uğrunda isə Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri (STMKS) fakültəsinin komandası Mexanika informasiya texnologiyaları fakültəsinin  kollektivinə 5:4 hesabı ilə qalib gəlib. 

Sonda bütün idman növləri üzrə mükafatlandırılma mərasimi keçirilib. 

Mərasimdə universitet rəhbərliyi ilə yanaşı fəxri qonaq qismində "Şamaxı" futbol komandasının idman direktoru, veteran futbolçu Vəli Qasımov, AFFA Maarifləndirmə şöbəsinin müdiri, veteran futbolçu Fərrux İsmayılov və digər qonaqlar iştirak ediblər. 

Turnirdə yer tutmuş idmançılar AzMİU və AFFA tərəfindən diplom, medal və kubokla mükafatlandırılıblar.
 

08-05-2024