AzMİU-da maarifləndirici təlim keçirilib – Tələbələrimiz COP29 barədə məlumatlandırılıblar


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Gənclər Təşkilatının SDG və BMT modeli klubun təşkilatçılığı ilə BMT-nin təmiz su və sanitariya, iqlim dəyişikliyinə qarşı mübarizə və torpaq ekosisteminin mühafizəsi məqsədlərinə dayanan maarifləndirici təlim keçirilib.

Tədbirdə öncə TGT AzMUN klubun sədri Nigar Qasımova təlimin mahiyyəti barədə tələbələrə məlumat verib.

AzMUN proqramının rəhbəri Aysu Məmmədova isə tələbələrə AzMUN proqramının tədbirlərinə qoşularaq diplomatik bacarıqlarını inkişaf etdirə biləcəklərini bildirib, onları proqrama qoşulmağa dəvət edib.

Təlimin davamında gənclərin və yeniyetmələrin inkişafı üzrə mütəxəssis Nigar Nəsrullayeva öz çıxışında iqlim dəyişiklikləri ilə mübarizə alətlərindən danışıb. 

Həmçinin Bakıda keçiriləcək olan COP29 barədə tələbələrə məlumat verib. 

Qeyd edək ki, hər il fərqli ölkənin ev sahibliyi etdiyi noyabrın 11-dən 22-dək Bakıda keçiriləcək COP tədbirlərinin 29-cu "Tərəflərin Konfransı (COP)" konfransının məqsədi, Paris Sazişinin tələbi olaraq dünyada karbon qazının (CO2) miqdarını sənayeləşmədən əvvəlki dövrdə olduğu kimi 1,5 dərəcə Selsi ilə məhdudlaşdırmaqdır. 

COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən böyük tədbir olacağı gözlənilir. 

Daha sonra gənc iqlim elçisi, eco-blogger Könül Bayramova çıxış edib. O, öz çıxışında iqlim dəyişikliyi və ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirici tədbirlərin təşkil edilməsini dəstəklədiyini və gəncləri velosipeddən və ictimai nəqliyyatdan istifadəni təbliğ etməyə, ətraf mühiti yaşıl saxlamağa, tədbirlərdə və sosial mediada bu mövzularla bağlı fəal olmağa çağırıb. 

Tədbirin sonunda tələbələrə təlimdən ümumi suallar verilib, aktiv tələbələr mükafatlandırılıb.

03-05-2024
11 Ayna Sultanova, Baku
(+994 12) 539 10 45|[email protected]