Kitabsevərlər bir arada - AzMİU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qeyd edilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Elektron Kitabxanasının təşkilatçılığı ilə Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunan tədbir keçirilib. Tədbirdə universitet rəhbərliyi, müəllim və tələbələrlə yanaşı, müasir ədəbiyyatımızın tanınmış yazarı Varis Yolçuyev də iştirak edib.  

Tədbirin keçirilməsində məqsəd mütaliənin populyarlaşdırılması və savadlılığın artırılması, kitabların insan həyatındakı əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanmasındakı önəmini göstərmək olub.

Tələbələr dünyaca məşhur yazıçılar və onların yazdıqları əsərlər haqqında təqdimatlar edib, kitabın və mütaliənin mənəvi inkişafımızdakı roluna toxunublar. Bildirilib ki, mütaliə etmək insanın fiziki, ruhi sağlamlığı üçün olduqca faydalıdır. Mütaliə insan beynin fəaliyyətini artırır. Mütaliə zamanı insan beyni təkcə informasiya qəbul etmir, həmin informasiyanı emal edir, düşünür, təhlil edir, nəticə çıxarır. Müntəzəm və düşünərək oxunan kitab insanın söz ehtiyatının zənginləşməsində, ətrafdakılarla rahat ünsiyyət qurmasında, nitq qabiliyyətinin inkişafında, özünəinamın artmasında əhəmiyyətli rol oynayır. 

Tədbirin qonağı Varis Yolçuyev də çıxış edərək kitabın insan həyatında rolu, dünyada ən çox oxunan kitablar, bədii zövqün formalaşması üçün vacib amillər, müasir ədəbiyyatdakı tendensiyalarla bağlı fikirlərini bölüşüb.

Sonda AzMİU-nun təhsil və sosial-mədəni həyatında aktivliyi ilə seçilən bir qrup tələbəyə təşəkkürnamələr təqdim olunub.


 

30-04-2024