Məktəblilərə ixtisaslar haqqında geniş məlumat verilib - AzMİU-da açıq qapı günü

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) ənənəvi təşkil olunan açıq qapı günləri başlayıb.

Universitetin qonaqları olan “Hədəf” kursları, Nömrə 1 Tədris Mərkəzinin filial müdirləri və abituriyentlər ilk olaraq AzMİU-nun tanıtım videoçarxını izləyiblər. 

Universitet təmsilçiləri tərəfindən AzMİU-nun fakültələri, ixtisasları, qoşulduğu beynəlxalq mübadilə proqramları, professor-müəllim heyəti, tələbə həyatı, ictimai təşkilatları, kitabxanası, tədris auditoriyaları, laboratoriyaları, eləcə də seçmək istədikləri ixtisasların karyera imkanları barədə ətraflı məlumat verilib. 

Tələbə adı qazanmaq istəyən abituriyentlərə ixtisas seçimində dəstək olmaq, seçimlərinə yön vermək, o cümlədən AzMİU-nu tanıtmaq məqsədi daşıyan görüşdə “Özfəaliyyət” klubunun üzvlərinin də ifası yer alıb.  

Geniş tanıtımdan sonra abituriyentlərin sualları cavablandırılıb, onlara universitetə aid məlumatları özündə əks etdirən bukletlər paylanılıb. 

Qeyd edək ki, görüşdə AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Azad Həmkarlar İttifaqı Komitəsinin sədri Surxay Əliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Şahmar Rəfili, Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları – Aynurə Bayramova və Rəna Cəbrayılova iştirak ediblər.

29-04-2024