AzMİU-da “WORK4CE” layihəsi çərçivəsində Pilot tədris həftəsi başlayıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə “WORK4CE” layihəsi çərçivəsində Pilot tədris həftəsinə start verilib.  

AzMİU-da Avropa İttifaqının Erasmus+ KA2 proqramının CBHE “WORK4CE” layihəsi çərçivəsində beynəlxalq dərəcəli professor və müəllim heyəti tərəfindən dərslər təşkil olunub.

Layihənin ilk günü AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Ukrayna Zaporoje Politexnik Milli Universitetinin professoru, sözügedən layihənin rəhbəri Galina Tabunshchikin başçılıq etdiyi İspaniyanın Basq Ölkəsinin Universitetindən Carolina Cruz, Jon Aretxaga, Belçika Löven Katolik Universitetindən Peter Arras, Tegoeh Tjahjowidodo, Almaniyanın Dortmund Tədbiqi Elmlər Universitetinin professoru Dino Schoenberg və Thorsten Rubendən ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə, həmçinin Erasmus+ Azərbaycan Milli Ofisinin direktoru Pərviz Bağırov, universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru professor Nərgiz Abdullayeva, Xarici əlaqələr şöbəsinin müdiri dosent Fərhad Əliyev, “WORK4CE” layihəsinin koordinatoru İsa Muradov və layihənin üzvləri Xanlar Qəniyev, Şahmar Rəfili, Kənan Həsənov, Sərxan Talıbzadə iştirak edib.

Söhbət zamanı layihə ilə bağlı görülən işlər, iştirakçılar qarşısında qoyulan öhdəliklər, AzMİU-nun layihədəki rolu, gələcək zəruri addımlar barədə danışılıb. Xüsusilə, universitetlər və biznes qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində layihənin faydalı tərəflərinə toxunulub. Həmçinin görüşdə layihə çərçivəsində AzMİU ilə Almaniyanın Dortmund Tədbiqi Elmlər Universiteti arasında imzalanacaq ikili diplom müqaviləsindən də danışılıb.

Görüşdən sonra qonaqlar layihə çərçivəsində yaradılan tədris auditoriyaları və laboratoriyalar ilə tanış olublar.

Universitetdə təşkil olunan tədris həftəsinin məqsədi Work 4.0 konsepsiyalarının təhsilə inteqrasiyasında Avropa universitetlərinin təcrübələrini bölüşmək və bu innovasiyaların Azərbaycan universitetlərinə tədris olunan fənlərarası yanaşmalara və sənaye əməkdaşlığına diqqət yetirməklə daxil edilməsi üçün praktiki strategiyalar üzərində müzakirələr etməkdir.

23-04-2024