Tələbələrimiz “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu” barədə məlumatlandırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bakıda keçiriləcək “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun məlumatlandırma sessiyası keçirilib. 

Məlumatlandırma sessiyasında çıxış edən universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev tədbir iştirakçılarını salamlayıb. Ölkəmizin hər il regional və beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini bildirib. Bunun təsadüfi olmadığını ifadə edən prorektor dövlətimizin təşəbbüsü və təşkilatçılığı ilə çoxsaylı siyasi, iqtisadi və regional inkişaf layihələrində aktiv iştirakını nümunə gətirib. 

May ayında keçiriləcək “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu”nun beynəlxalq aləm üçün əhəmiyyətini vurğulayaraq bu mötəbər qlobal tədbirin mədəniyyətlərarası əməkdaşlıq və dialoqa töhfə verəcəyini söyləyib. 

Sonra Forumun məqsədini özündə əks etdirən videorolik nümayiş olunub.  Forumun İşçi qrupunun nümayəndələri Nihat Allahyarlı və Heydər Mirzəyev tərəfindən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi”nin tarixi,  bu çərçivədə gerçəkləşdirilmiş 5 forum, 1-3 may keçirilməsi nəzərdə tutulan “VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forum”unun gündəliyi,  mövzusu, prioritetləri haqqında təfsilatlı informasiya verilib. 

Qeyd olunub ki, “Sülh və qlobal təhlükəsizlik naminə dialoq: əməkdaşlıq və qarşılıqlı əlaqə” mövzusuna həsr olunan Forum mədəniyyətlərarası dialoq sahəsində beynəlxalq və qlobal səviyyədə yeganə platformadır.  May ayında keçiriləcək Forum İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) tərəfindən BMT-nin Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatı ilə birgə təşkil olunacaq.

Forumda dünyanın müxtəlif ölkələrindən rəsmi şəxslər, beynəlxalq nümayəndə heyəti, beynəlxalq təşkilatların nümayəndələri, ictimai xadimlər və tanınmış ziyalılar iştirak edəcəklər.
 

23-04-2024