Tələbələrimiz PMD Projects MMC-də "Zəfər Muzeyi" layihəsi ilə tanış olublar

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) İnşaat fakültəsinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə PMD Projects MMC-nin tikinti meydançasına ekskursiya təşkil olunub.

Tələbələr ətrafda gedən tikinti, yenidənqurma işləri ilə tanış olub, tikinti zamanı nəzərə alınmalı olan məqamlar haqqında məlumatlanıblar.

Onlar "Zəfər Muzeyi"nin və "Hilton Baku"nun layihəsini nəzərdən keçiriblər.

Layihə rəhbərləri qeyd ediblər ki, muzey Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində yaradılması nəzərdə tutulub.

Qeyd edək ki, muzeyin konsepsiyası azərbaycanlı və türkiyəli memar, mühəndis və dizaynerlər tərəfindən qarşılıqlı dostluq rəmzi olaraq işlənib hazırlanır. Bu layihələr özündə ən son texnologiyaları tərənnüm edir və bugünkü muzey konsepsiyasının smart versiyasıdır. Yəni gözlərimizin öyrəşdiyi muzey və eksponatlar kimi olmayacaq. Gələcək nəsillərə daha dolğun məlumat ötürmək və zamanın nəbzini tutmaq üçün hazırlanmış “ağıllı muzey” layihəsidir. 

Layihənin üstün özəlliklərindən biri də odur ki, bütün binada heç bir bələdçiyə ehtiyac olmayacaq. Bina bir növ süni intellektdir. Muzey özü qonaqları qarşılayır, hər bir eksponat özü haqqında məlumat verir. Həmçinin eksponatlar “3D” formatında, hollaqram şəklində hazırlanır. Layihənin başqa üstün cəhətindən biri də Ulu Öndər Heydər Əliyevin irsinin araşdırılması muzeyinin orada olmasıdır. Həmçinin binanın daxilində 2 böyük zal nəzərdə tutulub. Burada 20 Yanvar qətliamı və Xocalı soyqırımı hadisələri öz əksini tapır. 
 

09-04-2024