Fakültələr arasında "31 Mart –Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş intellektual yarış keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatı “Vətənpərvərlik” klubunun təşkilatçılığı ilə "31 Mart –Azərbaycanlıların Soyqırımı Günü"nə həsr olunmuş intellektual yarış keçirilib.

Yarışda qalibiyyət uğrunda ümumilikdə 36 tələbə olmaqla 6 komanda (fakültə) mübarizə aparıb. 

“Azərbaycan tarixi” və “31 Mart Soyqırımı” mövzularını əhatə edən 24 sualdan ibarət yarışın keçirilməsində məqsəd soyqırımı qurbanlarının əziz xatirəsinin yad edilməsi və tələbələrin intellektual oyunlara olan marağının artırılması olub.

Qeyd edək ki, 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.

Sonda yarışın qalibi Tikinti-iqtisad fakültəsi olub. Komanda üzvlərinə sertifikatlar təqdim olunub.
 

29-03-2024