THİK-in fəal tələbələri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Şahmar Rəfili və təşkilatın aktiv tələbələri 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonunda səfərdə olublar.  AzMİU kollektivi 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib, tarixi faktlarla daha yaxından tanış olmaq üçün ərazini gəziblər.

Kompleksin mütəxəssisləri tələbələrə 1918-ci ildə baş verən qanlı hadisələr barədə ətraflı məlumat verib, tarixi sənədlər və faktlarla tanışlıq imkanı yaradıblar. 

Tələbələrimiz kompleksdə fəaliyyət göstərən Soyqırım Muzeyinə də ekskursiya ediblər. Muzeyin əməkdaşları bildiriblər ki, 1918-ci ilin mart hadisələri zamanı təkcə Quba qəzasının 167 kəndi tamamilə dağıdılıb. Bu kəndlər, Quba şəhəri talanlara və yanğınlara məruz qalıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə öldürülüb. Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanıb. Muzey 1918-ci il azərbaycanlıların soyqırımı tarixinə həsr edilən ilk və yeganə muzeydir. Burada yalnız Quba qəzasında deyil, Bakı quberniyasının digər - Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımları haqqında geniş məlumat əldə etmək olar.

31 mart – Azərbaycanlıların Soyqırımı Günündən uzun müddət keçməsinə baxmayaraq xalqımız kütləvi şəkildə hər il kompleksə gələrək soyqırımı qurbanlarının əziz xatirəsini yad edir, abidənin önünə gül dəstələri düzürlər. 
 
Qeyd edək ki, erməni vəhşiliyinin nəticəsi kimi 2007-ci il Quba ərazisində torpaq işləri görülərkən soyqırımı məzarlığı aşkar edilib. Ölkə prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2009-cu ildən Quba rayonunda “Soyqırım Memorial Kompleksi”nin yaradılmasına başlanılıb  və 2013-cü il ildə kompleks istifadəyə verilib.
 

29-03-2024