Tələbələrimiz Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının üzvləri və universitetdə təhsil alan əcnəbi tələbələr 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Quba rayonuna səfər ediblər. Səfər zamanı tələbələr öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Daha sonra 1918-ci ildə cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinə baş çəkib, məzarlığın önünə gül dəstələri düzüblər.

Tələbələr Qubanın Gənclər kompleksinə gedərək orada fəaliyyət göstərən Soyqırım Muzeyinə ekskursiya da ediblər. Ekskursiya zamanı gənclərə 1918-ci ildə baş verən qanlı hadisələr barədə tarixi sənədlər və faktlar əsasında ətraflı məlumat verilib. Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib. 

Qeyd edək ki, bu qanlı hadisə Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə öz hüquqi-siyasi qiymətini alıb və martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
 

28-03-2024