“Dünya Gənclər Festivalı 2024” - Tələbələrimiz Soçidə keçirilən festivalda iştirak edib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin(AzMİU) Tikinti-iqtisad fakültəsinin tələbəsi Orxan Salaxetdinov, Memarlıq fakültəsinin tələbəsi Aylin Bayramova, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin tələbəsi Mirsirac Siraclı Rusiyanın Soçi şəhərində keçirilən “Dünya Gənclər Festivalı 2024” tədbirində  iştirak edib.

Festivalın keçirilməsində əsas məqsəd gənclərlə iş sahəsində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, müxtəlif sahələrin gəncləri ilə əməkdaşlığın gücləndirilməsi və  qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.

16-30 yaş arası gənclərin müsabiqə yolu ilə seçildiyi festival informasiya texnologiyaları, elm, media turizmi, ekologiya, sahibkarlıq, könüllülük, idman, mədəniyyət, siyasət, təhsil, səhiyyə, şəhərşünaslıq, kənd təsərrüfatı, QHT-lər, işçi gənclər, diplomatiya, mühəndislik istiqamətləri üzrə fəaliyyət göstərən gəncləri bir araya gətirib.

Genişmiqyaslı beynəlxalq tədbirə Azərbaycandan tələbələrimiz də daxil olmaqla 150 gənc qatılıb. Onlar Azərbaycana aid məlumatların digər ölkə gənclərinə çatdırılmasına öz töhfələrini verib. Memarlıq fakültəsinin tələbəsi Aylin Bayramovanın təqdimatında nümayiş olunan Azərbaycan milli rəqsləri festivala xüsusi rəng qatıb. 

Festival ümumilikdə dünya  gənclərinə  yeni dostluqlar qazandırıb,  müxtəlif milli mədəniyyətlərin və adət-ənənələrin qarşılıqlı zənginləşdirilməsinə şərait yaradıb.

Festivalın bağlanış mərasimində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin iştirak edib, bir çox gəncin suallarını cavablayıb və gənclərə öz fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, “Dünya Gənclər Festivalı 2024” hər kəs üçün daha humanist və ədalətli gələcək arzulayan gəncləri birləşdirmək məqsədilə həyata keçirilib.
 

14-03-2024