“Yeni töhfələr” – Memarlıq fakültəsinin 162 a3 qrup tələbələrinin sərgisi açılıb

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsinin II kurs, 162 a3 dizayn qrupunun tələbələrinin sinif və sərbəst işlərindən ibarət yaradıcılıq sərgisi açılıb.  
  
Təsviri incəsənət kafedrasının təşkilatçılığı ilə keçirilən “Yeni töhfələr” adlı sərgidə universitet rəhbərliyi, fakültə əməkdaşları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər. 

Sərgini açıq elan edən Təsviri incəsənət kafedrasının müəllimi Həsən Həsənov yaradıcı ruhlu tələbələrini təbrik edib. “İstedadlılar qrupu” adlandırdığı 162 a3 qrupunun ilk gündən öz bacarığı, qeyri-adi istedadı və qabiliyyəti ilə seçildiyini bildirib. 

Tədris işləri üzrə prorektor professor Akif Qasımov nümayiş olunan işlərin öz dolğunluğu və məzmunu ilə seçildiyini deyib, sərginin təşkilində əməyi olan tələbələrə və onların müəllimi Həsən Həsənova xüsusi təşəkkürünü bildirib. 

Digər çıxış edənlər də tələbələrin qrup sərgisini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıblar. 

Sonra sərgiyə baxış keçirilib. Tələbələr böyük həvəslə əl işlərini sərgi iştirakçılarına təqdim ediblər. 50-yə yaxın rəsm işinin yayımlandığı sərgidə tələbələr onlara verilən rəng politralarından düzgün istifadə etməklə kompozisiyaları uğurla yerinə yetiriblər.
 

07-03-2024