“Qarabağ atı”, “Xarıbülbül”, “Yeddi gözəl”, “Solmaz nənənin həyəti”... - Tələbəmizin fərdi sərgisi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Sərgi Salonunda yazın gəlişinə həsr olunan “Bahar” adlı fərdi yaradıcılıq sərgisi açılıb. 

AzMİU-nun Tarixi Muzeyinin təşkilatçılığı ilə Memarlıq fakültəsinin II kurs 162 A tələbəsi Mələk Şəfiyevanın əl işlərindən ibarət sərgidə 48 rəsm əsəri və 8 əl işi nümayiş olunub. Salon boyu sıralanmış əsərlərdə rəngli boya, akvarel, quaş, pastel boya ilə çəkilmiş rəsmlər, mili geyimli gəlinciklər və  ornamentlərlə bəzədilmiş stəkanlar yer alıb,  hər biri  öz rəngarəngliyi ilə bir-birindən fərqlənib. 

Od çərşənbəsinə təsadüf edən fərdi yaradıcılıq sərgisində çıxış edən Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev bahar fəslinə həsr olunan və onun gəlişini özündə ehtiva edən sərgini yüksək qiymətləndirib. Mart ayını gözəlliklərlə dolu ay adlandıran prorektor qarşıdan gələn 8 Mart- Beynəlxalq Qadınlar Günü və milli dəyərlərimizi özündə daşıyan qədim xalq bayramımız Novruz bayramı münasibəti ilə hər kəsi təbrik edib. Öz yaradıcılığını nümayiş etdirən gənc və istedadlı rəssam Mələyin sərgilərinin davamlı olmasını arzulayıb. 

Təsviri incəsənət kafedrasının müəllimi Həsən Həsənov, səbəbkarın atası Heybət Şəfiyev gənc rəssam barədə xoş fikirlər səsləndirib, qazandığı nailiyyətləri diqqətə çatdırıblar.  

Sərginin rəmzi olan qırmızı lent kəsilib, sənətsevərlər Mələk Şəfiyevanın əl işləri ilə tanış olublar. 

Sərgi iştirakçıları rəssam fantaziyasının bəhrəsi olan  müxtəlif janrlı al-əlvan əsərlərdə təbiətin nəfəsi, yaz ovqatı, əsl bayram əhval-ruhiyyəsini duyublar.  “Qarabağ atı”, “Xarıbülbül”, “Yeddi gözəl”, “Güldanda güllər”, “Kəpənək”, “Solmaz nənənin həyəti”, “Ağ tovuzquşu” adlı işlər onlar tərəfindən xüsusi marağa səbəb olub.  

Məlumat üçün qeyd edək ki, Mələk Şəfiyeva 4 yaşından rəsmlə məşğul olur. 2011-ci ildə Çexiyada keçirilən və 66 ölkədən rəssamın qatıldığı sərgidə öz yaşıdları arasında I yerə, Rəssamlar İttifaqının keçirdiyi sərgidə fərqlənmə diplomuna, Nizami rayonu Gənclər Yaradıcılıq Mərkəzində keçirilən sərgidə isə fəxri fərmana layiq görülüb. Bu sərgiyə qədər müxtəlif məkanlarda “Gözəl yay”, “Mənim rəngli dünyam” adlı  fərdi yaradıcılıq sərgisi keçirilib.
 

06-03-2024