AzMİU-nun professorları Türkiyədə Qarabağın memarlığı və azad edilmiş ərazilərdə şəhərsalma strategiyası ilə bağlı məruzələrlə çıxış ediblər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professorları Türkiyədə keçirilən “Xocalı soyqırımının xatirəsinə: keçmişi, bu günü və sabahı ilə Qarabağ” adlı konfransda çıxış ediblər.

Azərbaycanın Türkiyədəki Səfirliyi, AzMİU və UNEC-in birgə təşkilatçılığı, Hacettəpə Universitetinin ev sahibliyi ilə Mehmet Akif  Ersoy Salonunda gerçəkləşən konfransda universitetimizi Memarlıq fakültəsinin dekanı professor Zahidə Məmmədova, Mühit dizaynı kafedrasının müdiri professor Yeganə Hacıyeva təmsil edib. 

Konfransın açılış mərasimində Hacettəpə Universitetinin rektoru professor Mehmet Cahit Güran, Azərbaycanın Türkiyədəki Səfirliyinin təhsil məsələləri üzrə müşaviri Nəcibə Nəsibova, Hacettəpə Universitetinin Strateji Araşdırmalar Mərkəzinin müdiri Anar Somuncuoğlu, Hacettəpə Universitetinin Ədəbiyyat fakültəsinin dekanı professor Mehmet Öz çıxış edib. Çıxışlarda iki dövlət arasında tarixi dostluq əlaqələrindən danışılıb, Qarabağ münaqişəsi, Xocalı soyqırımı, Qarabağ zəfəri, işğaldan azad edilmiş ərazilərə qayıdış, həmin ərazilərin yenidən dirçəldilməsi və bu istiqamətlərdə görülən işlər barədə geniş məlumat verilib. 

Daha sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. AzMİU-nun professorları Zahidə Məmmədova “Qarabağ məscidlərinin memarlıq kompozisiyasının özəllikləri”, Yeganə Hacıyeva isə “Dağılmış Qarabağ bölgəsində yeni şəhər planlamasının strategiyası” mövzularında məruzə ediblər. 

Professorlarımızın məruzələri konfrans iştirakçılarının böyük marağına səbəb olub.

04-03-2024