Müəllimlərimizin sahibkarlıq təhsilinin yüksəldilməsinə töhfə verəcək layihəsi EEUK tərəfindən maliyyələşdiriləcək


Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) əməkdaşlarının təklif etdiyi layihə İngiltərənin Enterprise Educators UK (EEUK) təşkilatı tərəfindən maliyyələşdiriləcək.

AzMİU-nun da üzv olduğu EEUK bütün dünyada müəssisə və sahibkarlıq müəllimlərini birləşdirən, onları dəstəkləyən, müəssisə və sahibkarlıq təhsilində mükəmməlliyə imkan verən dünyaca məşhur təşkilatlardan biridir. 

İngiltərənin “Creative Spark” layihələrinin davamı olan müsabiqə ötən il təşkilat tərəfindən elan edilib və AzMİU-nun müsabiqəyə təklif etdiyi layihə seçilərək qalib olub. 

“Azərbaycan ali təhsilində sahibkarlıq mədəniyyəti və düşüncəsi konsepsiyasının tətqiqi və onun inteqrasiyası” adlanan layihə AzMİU-nun Strateji planlaşdırma şöbəsinin təşkilatçılığı ilə universitetin müəllimləri Kənan Həsənov, Könül Ağayeva və İsa Muradov tərəfindən hazırlanıb. Layihədə sahibkarlıq təfəkkürü araşdırılaraq ən yaxşı təcrübələr ali təhsil kurikulumuna tətbiq olunacaq, yekunda İngiltərədə keçirilməsi nəzərdə tutulan konfransda təqdim ediləcək. 

Bir il müddətində keçirilməsi nəzərdə tutulan layihənin büdcəsi 5 min fund sterlinqdir. Layihənin gələcəkdə təklif şəklində digər universitetlərə məqalə və hesabat şəklində dərc olunaraq təqdim edilməsi nəzərdə tutulub. Beləliklə, layihə həm də digər ali təhsil müəssisələrinin tədris işinə dəstək olacaq, bütövlükdə ölkədə sahibkarlıq təhsilinin yüksəldilməsinə töhfə verəcək. 

Layihə çərçivəsində müxtəlif fokus qrupları ilə çalışmalar, sorğuların keçirilməsi, araşdırılma və tədqiqatların aparılarılması nəzərdə tutulub.

28-02-2024