“Xocalı faciəsi tələbələrin gözü ilə” – rəsm və plakat işlərində faciənin dəhşəti boyalarla əks olunub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Xocalı faciəsi tələbələrin gözü ilə” adlı sərgi açılıb.

AzMİU-nun Tarixi Muzeyi, Azad Həmkarlar İttifaqı Komitəsi və Təsviri incəsənət kafedrasının birgə təşkilatçılığı ilə gerçəkləşən sərgidə Xocalı faciəsini əks etdirən 50 rəsm  və plakat işi nümayiş olunub.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin Tədris işləri üzrə prorektoru professor Akif Qasımov XX əsrin ən böyük faciəsi olan Xocalı soyqırımını, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətinin ən qanlı səhifəsi kimi xarakterizə edib. O, belə faciələrlə bağlı tarixi faktların gənc nəsillər tərəfindən unudulmamasını tövsiyə edib.

Həmçinin çıxışlarda Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklərdən bəhs olunub. Qeyd edilib ki, erməni qəsbkarları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin dinc əhalisinə, xüsusən uşaqlara, qadınlara, qocalara qarşı qətliam törədiblər. Bunları əks etdirən foto və video kadrlar həmin hadisənin dəhşətini bir daha göz önünə gətirir. Vurğulanıb ki,  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı Böyük Zəfər Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanını yerdə qoymadı, hətta onların narahat ruhunu şad etdi.

Sərgidə bildirilib ki, bu dəhşətli faciədə baş verənlər müxtəlif kurslarda təhsil alan tələbələrin gözü ilə təqdim olunub. Rəsm və plakat işlərində Xocalı faciəsi qurbanlarının həyat hekayələri, taleyi və yaşadıqları karandaş və rəngli boya ilə ifadə edilib. Bu yolla insan həyatı, yaşanılanlar, həmin gecəyə aid ah-nalə onların yaradıcı dünyası ilə qovuşub.

 

 

 

 

26-02-2024