1500-dən çox tələbə bir araya gələrək həmrəylik nümunəsi yaratdı – AzMİU-da möhtəşəm konsert proqramı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə konsert proqramı təqdim olunub.

Konsert proqramında universitet rəhbərliyi, professor-müəllim heyəti və 1500-dən çox tələbə iştirak edib.

Tədbiri giriş sözü ilə açan universitetin Tədris işləri üzrə prorektoru professor Akif Qasımov AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədovanın təbriklərini çatdırıb və qeyd edib ki, bu bayram əvvəlki illərdən daha əlamətdardır. Akif Qasımov bu il ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş Azərbaycanda qeyd edildiyinə diqqət çəkib. 

Prorektor çıxışına əlavə edərək son illər AzMİU-da tədrisin inkişafı üçün görülən işlərdən, universitetin artan elmi potensialından və uğurlu beynəlmiləlləşdirmə siyasətindən danışıb və tələbələri daha da aktiv olmağa, inkişaf edən ölkəmizin tələblərinə uyğun mütəxəssislər kimi yetişməyə səsləyib. 

Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Orxan Naqdiyev isə çıxışında AzMİU-da yaradılan sağlam mühitə diqqət çəkib. Prorektor tələbələr üçün yaradılan sərbəst və müasir universitet mühitinin gənclərin inkişafına xidmət etdiyini deyib. O, qeyd edib ki, tələbə təşkilatlarının inkişafı, tələbələrin fərdi inkişafı, sosial məsələlərə həssas yanaşma bundan sonra da davam etdiriləcək. 

Daha sonra TGT-yə dəstəyinə görə bir qrup əməkdaş diplom və sertifikatlarla, müxtəlif ictimai aktiv fəaliyyətləri ilə fərqlənən tələbələr isə “Təhsil aldıqları müddətdə ictimai aktiv fəaliyyətinə görə” Fəxri Fərmanla təltif olunublar. 

Proqrama uyğun olaraq tədbir dəvət olunmuş musiqili qonaqların və DJ-in çıxışı ilə davam etdirilib. 

Aliko Ritm qrupu-Davul Şou, Aylin Bayramova, Şəbnəm Muradova və Aynur Qasımovanın İfasında “Sarıgəlin” və “Ağçiçəyim” rəqsləri nümayiş olunub, Nərmin Cəfərova, Vüqar Süleymanlı, Zülküf Can Çalışkan və Kənan Sarızadənin ifasında mahnılar səsləndirilib.

29-12-2023