Ulu Öndərin 100 illiyinə həsr olunan futzal turnerində inzibati heyətin komandası qalib olub

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş müəllim və işçilər arasında futzal turniri keçirilib. Universitetin Azad Həmkarlar İttifaqı Komitəsinin (AHİK) və İdman Klubunun birgə təşkilatçılığı ilə keçirilən turnirdə İnzibat heyət I yeri, Təsərrüfat heyəti II yeri, Nəqliyyat fakültəsinin müəllimləri isə III yeri tutub. 

Təntənəli mükafatlandırma mərasimində Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev, "Neftçi" Klubunun veteranları Asif Əliyev, Novruz Əzimov, Milli komandanın sabiq kapitanı Tərlan Əhmədov, sabiq qapıçısı Nadir Şükürov fəxri qonaq qismində iştirak ediblər.

Mərasimi giriş sözü ilə açan universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev tədbir iştirakçılarını salamlayıb. O, bildirib ki, bu il AzMİU-da keçirilən bütün idman tədbirləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində həyata keçirilib. Ulu Öndərin dünya azərbaycanlılarının bir araya gəlməsində və həmrəylik nümayiş etdirməsində göstərdiyi səyləri diqqətə çatdırıb. Çıxışının yekununda qarşıdan gələn bayramlar münasibətilə tədbir iştirakçılarını ürəkdən təbrik edib.

Sonra söz AHİK-nin sədri Surxay Əliyevə verilib. Sədr AzMİU-nun işçi və müəllim heyətinin qısa müddətdə futzal yarışlarında göstərdikləri fəallığı yüksək qiymətləndirib, qarşıdan gələn yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə hamını təbrik edib.  

Mərasimdə Azərbaycan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev və futbol veteranlarına da söz verilib. Onlar öz növbələrində dəvət üçün Universitet  rəhbərliyinə təşəkkür edib, qarşıdan gələn bayramlar münasibətilə hər kəsi təbrik ediblər. Gələcəkdə AzMİU-nun müəllimləri və işçilərindən ibarət yığma komanda ilə Azərbaycan futbol veteranları komandasının görüşünün keçirilməsini təklif ediblər. 

Sonda turnirdə yer tutmuş komandalar mükafatlandırılıb. 

Qeyd edək ki, futbol veteranları mərasimdən öncə universitetin idman kompleksini gəzib, burada yaradılan şəraitlə tanış olublar.
 

29-12-2023