Ulu Öndərin xatirəsinə həsr olunmuş konfrans: “İstehsalatda innovativ texnika və texnologiyaların tətbiqi perspektivləri”

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Maşın və mexanika mühəndisliyi kafedrasının təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “İstehsalatda innovativ texnika və texnologiyaların tətbiqi perspektivləri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Öncə tədbir iştirakçıları Ulu Öndərin universitetin həyətindəki büstünü ziyarət edərək abidəsi önünə gül dəstələri düzüblər.

Konfransın keçirilməsində əsas məqsəd istehsalatda tətbiq olunan texnika və texnologiyalar ətrafında mütəxəssislərin apardıqları tədqiqatların, gəldikləri nəticələrin müzakirəsi olub. 

Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Mexanika və informasiya texnologiyaları fakültəsinin dekanı dosent Sabir Məmmədov çıxış edərək, konfransın proqramı haqqında məlumat verib. 

Tədris işləri üzrə prorektor professor Akif Qasımov çıxış edərək hazırda ölkədə istehsalat qurumları ilə AzMİU arasında olan əlaqələrə diqqət çəkib. O, qeyd edib ki, müzakirə olunan mövzu hər iki tərəf üçün aktualdır. Dünya təcrübəsinin öyrənilməsi, müasir metodların istehsalata tətbiqi, bu sahəyə elmi baxışın ortaya qoyulması onun inkişafına böyük təkandır. 

Maşın və mexanika mühəndisliyi kafedrasının müdiri dosent İsfəndiyar Baxşıyev  konfransın mövzusunun əhəmiyyətindən danışıb. O, konfransın istehsalat sahəsi üzrə müasir tələblərə cavab verəcəyini, innovativ texnologiyaların öyrənilməsi işinə yeni nəfəs gətirəcəyini qeyd edib. 

Daha sonra kafedranın dosenti texnika üzrə fəlsəfə doktoru Rasul Qardaşov, Azərbaycan Texniki Universitetinin dosenti Şahin Çərkəsov, Azərbaycan Tikinti İstehsalçıları Assosiasiyasının Tikinti və İstehsalat Departamentinin rəhbəri Sənan Cəfərov geniş məruzə ilə çıxış edib, tədqiqat apardıqları istiqamətlər üzrə gəldikləri nəticələri diqqətə çatdırıblar. 

Plenar iclas bitdikdən sonra konfrans işini bölmələrdə davam etdirib.
 

22-12-2023