"SSRİ-nin harasına getsə də, repressiya maşınından xilas ola bilməyəcəkdi" - Zivər bəy Əhmədbəyov haqqında bilmədiklərimiz

1905.az saytının əməkdaşları memarlıq üzrə fəlsəfə doktoru, Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti Fidan Mustafayeva və tarix üzrə fəlsəfə doktoru, Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova ilə görkəmli memar Zivər bəy Əhmədbəyov barədə söhbət edib.

Fuad Babayev: Bugünkü söhbətimiz Zivər bəy Əhmədbəyov haqqında olacaq. İstərdim ki, şərti olaraq, Firdovsiyyə xanım “Zivər bəy Əhmədbəyov Azərbaycan tarixində”, Fidan xanım isə “Zivər bəy Əhmədbəyov Azərbaycan memarlığının tarixində” mövzusunda fikirlərini bölüşsünlər.

Firdovsiyyə Əhmədova: İlk öncə təşəkkür edirəm ki, “1905.az” saytı tarixi, ictimai xarakterli mövzularda görüşləri, söhbətləri davam etdirir. Hətta pandemiya dövründə də bu proses dayanmadı. Bugünkü söhbətimiz çox görkəmli şəxsə həsr olunub. Çünki yüz il əvvəl Azərbaycan cəmiyyətində az sayda ali təhsilli, savadlı ziyalılarımızın olmasını nəzərə alaraq onların unudulmaması, yeni nəslə çatdırılması baxımından bu tədbirin əhəmiyyəti böyükdür.

Bizim bir çox sahələrdə istedadlı, ali təhsilli ziyalılarımız olub. Zivər bəy Əhmədbəyovda ilk ali təhsilli memardır. Adətən, daha çox hüquq, tibb və s. sahələrdə ali təhsil alan azsaylı ziyalılarımız olub, ancaq Zivər bəy memarlıq diplomu alan ilk insan olub. XIX əsrin sonları – XX əsrin əvvəlləri neft bumu sayəsində Bakı gözəl memarlıq şəhərinə çevrilmişdir. Amma gəlin baxaq, o gözəl binaların, malikanələrin memarları kimlərdi.

Fuad Babayev: Polyaklar, almanlar…

Firdovsiyyə Əhmədova: Əksəriyyəti xaricdən dəvət olunmuş mütəxəssislər idi. Bu ona görə belə deyildi ki, zəngin insanlarımız xarici mütəxəssislərə üstünlük verirdilər. Zivər bəy Əhmədbəyovun Sankt-Peterburq Mülki Mühəndislər İnstitutunu bitirdikdən sonra bir gənc kadr olaraq özünün doğulduğu Şamaxı şəhərində baş memar olması bir göstəricidir. Bunu kadr qıtlığı ilə izah etmək olmaz. Bu, daha çox Zivər bəyin bacarıq və peşəkarlığından irəli gələn göstərici idi və artıq qısa bir dövrdən sonra görürük ki, o, Bakı Quberniyasının idarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləyir. İnsanın belə qısa müddətdə bu mövqeyə çatmasını yalnız onun bacarığı ilə izah etmək olar. Həm də nəzərə alın ki, rəqabət də güclü idi. Bu rəqabət şəraitində bir müsəlman, azərbaycanlı gəncə çox məsuliyyətli işlər tapşırılırdı ki, bu da Zivər bəyin məharətindən irəli gəlirdi. Beləliklə, o, qısa müddət sonra Bakı şəhərinin baş memarı vəzifəsinə təyin olunur. Doğrudur, deyə bilərik ki, bu vəzifəyə Cümhuriyyət dövründə təyin olunub və 1922-ci ilə qədər işləyib. Amma məsələ ondadır ki, “AXC dönəmi milli hakimiyyət idi deyə, məhz Əhməd Ağayev Zivər bəy Əhmədbəyovu baş memar qoydu” yanaşması ilə düşünənlər ola bilər. Bu, qətiyyən yanlışdır. Çünki biz bütün sahələrdə Azərbaycan Xalq Cümhuriyyətinin dini, etnik müxtəlifliyə fərq qoymayaraq peşəkar insanlara önəm verdiyini görmüşük.

Fuad Babayev: Hətta erməni olsa belə.

Firdovsiyyə Əhmədova: Bəli. Azərbaycanlıların təcavüzə məruz qalması ilə bağlı Fövqəladə Təhqiqat Komissiyası yaradılanda tərkibi əsasən qeyri-azərbaycanlı hüquqşünaslardan ibarət idi. Ona görə ki, bu məsələlərdə peşəkarlığa üstünlük verilirdi. Ümumiyyətlə, aksiomdur: insan peşəkar olub vətənpərvər olmayanda və yaxud, vətənpərvər olub peşəkar olmayanda  da ziyan verə bilər. Bəlkə ikinci hətta daha çox ziyan vurur. Yəni fayda vermək baxımından, peşəkar deyilsənsə, vətənpərvərlik kifayət etmir. Zivər bəy Əhmədbəyovda isə bunların ikisi də – peşəkarlıq və vətənpərvərlik də vardı. Burada doğulduğu Şamaxı mühiti, əsilzadə ailəsindən çıxması, o dövrdə aldığı təhsil onun vətənpərvər kimi yetişməsində böyük rol oynayıb. O zaman imkanlı ailələrin övladları oxumaq, təhsil almaq imkanlarına daha çox sahib idilər. İlk təhsil, əsasən ruhani təhsili olurdu. Bu isə uşaqların ərəb, fars dillərini mükəmməl öyrənməsinə gətirib çıxarırdı, bundan başqa, Şərq ədəbiyyatını, mədəniyyətini, tarixini öyrədirdi və onlar artıq, Avropa təhsili alanda bu dəyərlər üzərində formalaşırdılar.

Əhmədbəyov Peterburqda təhsil alıb, sonra Almaniyada, Fransada, həmçinin Şərq ölkələrində olub, memarlıq sənətinin bütün incəliklərinə bələd olub. Ona görə də, Fidan xanım bunu daha yaxşı izah edə bilər, Zivər bəy Azərbaycan xalq memarlığını Avropa və Şərq memarlığı ilə sintez edib. Bütün bunlar isə onun kökə bağlılığından irəli gəlir. Bu keyfiyyət o dövrün digər ziyalıları üçün də xarakterik idi.

Zivər bəy belə bir mühitdə fəaliyyətə başlayıb və nə qədər məhsuldarlıq göstərərək ortaya gözəl sənət əsərləri qoyubdur.


Fuad Babayev: Yeri gəlmişkən, həmin sənət əsərləri indi də qalıb.


Fidan Mustafayeva: Zivər bəy Əhmədbəyov 1902-ci ildə Sankt-Peterburqda institutu bitirdikdən sonra yenidən Şamaxıya qayıdıb, 1910-cu ildən sonra isə Bakıda yaşamağa başlayıb. O yalnız ilk azərbaycanlı baş memar deyil, həm də ilk ali təhsilli azərbaycanlı memar olub və Avropa ənənələri əsasında təhsil alıb. O, Şamaxıda yaşayarkən uşaqlıqdan bəri ailəsində dahi memar Qasım bəy Hacıbababəyov (1811, Şamaxı – 1874, Şamaxı – red.) və onun tikililəri haqqında çox şey eşidib. Təbii ki, bu da onun yaradıcılığına çox müsbət təsir edib. Təəssüf ki, hal-hazırda Zivər bəy haqqında  çox da danışılmır. Amma Vladiqafqazda onun dini və məişət istiqamətli binaları var.

Fuad Babayev: Əmircandakı məscid binası Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilib?

Fidan Mustafayeva: Bəli. Bu bina UNESCO-nun tarixi abidələr siyahısına daxildir. 1901-1908-ci illərdə Murtuza Muxtarovun (1855-1920; bakılı neft milyonçusu, mesenat – red.) sifarişi ilə tikilib. Bundan əvvəl M.Muxtarov Vladiqafqazda böyük bir məscid inşa etdirməyə başlayır (1900-1908) və düşünür ki, öz vətənimdə də bir məscid tikdirim. Beləliklə, Əmircan qəsəbəsindəki məscid ilk əvvəl Kərbəlayi Əhməd adlı bir usta tərəfindən inşa olunmağa başlayır. Amma sonra Zivər bəy bu prosesə daxil olur və onun sayəsində bu məscidin inşası başa çatır. Məscidin minarələri iki yaruslu formadadır və Azərbaycan memarlığında bir ilkdir ki, bu da Zivər bəyin dəsti-xəttidir. Təbii ki, onun Göyçay şəhərində Əbülfəzlil Əbbas məscidi (1902-ci il), Şamaxıda İmamzadə məscidi (əsası 1370-ci ildə qoyulmuş, 1910-1917 illərdə Zivər bəy Əhmədbəyovun layihəsi əsasında yenidən tikilmişdir – red.) və Cümə məscidi (743-744-cü illər; Cənubi Qafqazda Dərbənd Cümə məscidindən (734-cü ildə inşa edilib) sonra ən qədim məscid; 1902-ci illərdə Şamaxı zəlzələləri zamanı dağılıb, birinci dəfə Qasım bəy Hacıbababəyov, sonra isə polyak memar İosif Ploşko(1867-1931) və Zivər bəy Əhmədbəyov tərəfindən edilib – red.)…

Fuad Babayev: Bakıda Təzə Pir məscidi (XIV-XV əsrlər; Nabat Aşurbəyli–Rzayevanın vəsaiti ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında 1905-1914-cü illərdə tikilib).

Firdovsiyyə Əhmədova: O da iki yarusludur.

Fidan Mustafayeva: İki yaruslu olmaqla bərabər üç portikli tağları var və bu da Zivər bəy Əhmədbəyovun yaradıcılığında ilk idi. Bundan başqa, Bakıda Əjdərbəy məscidinin (1912–1913-cü illərdə tanınmış xeyriyyəçi Əjdər bəy Aşurbəyov tərəfindən tikilib istifadəyə verilib – red.) layihəsi də ona məxsusdur.

Fuad Babayev: Nizami metrosunun yanındakı məscid.

Fidan Mustafayeva: Bəli. Həmçinin, Çəmbərəkənddə Səadət məktəbi (1912-1913-cü illər – red.) olub. Onun haqqında kifayət qədər informasiya yoxdur.

Fuad Babayev: Təbii ki, yoxdur. Çoxdan sökülüb.

Fidan Mustafayeva: Amma binanın fasadının 126 metr olması o dövr üçün qeyri-adi bir hal idi.

Firdovsiyyə Əhmədova: Ancaq vaxtilə yaxşı təhsil verən, cəmiyyətə çox faydalı funksional bir məktəb olub.

Fuad Babayev: Çəmbərəkənddə bağın yerində olub o məktəb?

Fidan Mustafayeva: Böyük ehtimal ki, bəli. Həm də Şərq və Qərb memarlığı üslubunda inşa edilmişdi.

Firdovsiyyə Əhmədova: İndiki Şəhidlər Xiyabanı ərazisində olub. Özünün evi də orada idi.

Fidan Mustafayeva: Təəssüf ki, Şamaxıda Şirvanşah İbrahim küçəsində bir evi qalmışdı. Əslində iki evi var idi. Və o ev də Zivər bəyin öz layihəsi əsasında inşa olunub. Sadəcə, sovet dövründə ev aşınmaya məruz qalıb. Ancaq bir müddət sonra onun yaxınları – evin sahibləri o evi geri alıblar.

Fuad Babayev: İndi həmin ev qalır?

Fidan Mustafayeva: Bildiyim qədər, bəli.

Fuad Babayev: Cümə məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa edildikdən sonra (17 may 2013-cü ildə əsaslı bərpadan sonra açılışı olmuşdur – red.), 1918-ci ildə Mart soyqırımı vaxtı yandırıldığı yerləri də tarix kimi saxlanılmışdır.

Firdovsiyyə Əhmədova: Yaxşı olar ki, abidələrimizin üzərində informasiya xarakterli xatirə lövhələri vurulsun. Xaricdən gələn insanlar şəhəri gəzib baxırlar, tutaq ki, Qızlar məktəbinin yanından keçirlər  və niyə bilməsinlər ki, buranı kim tikib. Axı bu məktəb müsəlman Şərqində bir inqilab idi. Burada lövhədə xaricilər üçün məlumat yazmaq mümkündür. Qoy onlar də görsünlər ki, bu tarixi binada vaxtilə Hüseyn Cavid yaşayıb, Qızlar məktəbi yerləşib, Parlament binası olub və s. Və bura kim tərəfindən inşa olunub. Amma heç bir məlumat yoxdur. Turistlər adicə bir marşrut üzrə hərəkət etsələr, görəcəklər ki, müsəlman bir iş adamı nə qədər bina inşa etdirib, xeyriyyə işləri həyata keçirib. Bəs Zivər bəy Əhmədbəyov niyə unudulmalıdır? Axı hər kəsə abidə qoymaq, adına küçə vermək olmur. Bu, real olaraq mümkün də deyil. Nə yaxşı ki, Zivər bəyin abidəsi var, çünki orada onun tikdirdiyi bina var, yanındakı küçə adını daşıyır (26 may 2011-ci ildə Bakıda “Nizami” metrostansiyası qarşısında Z.Əhmədbəyovun heykəlinin və adını daşıyan parkın Prezident İlham Əliyevin iştirakı ilə açılışı olub – red.). Ola bilər bir binada dörd-beş alim yaşasın, hamısına orada abidə qoymaq mümkün olmaya da bilər. Ancaq kiçik lövhələrlə o binanın görkəmi pozulmaz.

Biz bu gün Zivər bəy Əhmədbəyovun nümunəsində danışırıq. Nə qədər prinsipial, qətiyyətli olub, elə taleyini də daşıdığı dəyərlər şərtləndirdi. Belə insanlar cəmiyyətin bəlalarına biganə qala bilməyiblər. Ona görə də intihar yolunu seçiblər.

Fidan Mustafayeva: Zivər bəy Əhmədbəyov 1917-ci ildə “İslam mədəniyyət abidələrini  qoruyan”, 1919-cu ildə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətini yaradıb. Bu cəmiyyətlər memarlıq abidələrinin mühafizəsi işinə xidmət edirdi. Bu da onun təhlil, tədqiqat və ölkəsinin memarlıq irsinin qorunması istiqamətində addımlardan biri idi.

Firdovsiyyə Əhmədova: Zivər bəy həm də fəal və təşəbbüskar bir şəxsiyyət olub. O, “mən memaram deyə”, özünü məmurluq karyerası ilə məhdudlaşdırmayıb. Bəli, hələ Cümhuriyyət yaranmazdan bir il əvvəl memar Ömər Abuyev ilə birgə “İslam mədəniyyət abidələrini  qoruyan” cəmiyyət yaradıb. Yaxud Bakının baş memarı olsa da, bununla kifayətlənməyib, 1919-cu ildə Şamaxıda onun təşəbbüsü ilə abidələrin bərpasını həyata keçirmək məqsədi ilə “Yeni Şirvan” cəmiyyəti yaradılıb. Həmçinin 1918-ci ildə Bakının azad olunması zamanı həlak olan Azərbaycan və Osmanlı əsgərləri üçün xatirə kompleksinin layihəsinin hazırlanması da Zivər bəyə həvalə olunub ki, onun da 1919-cu il sentyabrın 15-də təməli qoyulub. Təəssüf ki, Şərq və Azərbaycan memarlıq elementlərini özündə əks etdirən bu abidənin – səkkizguşəli türbənin tikintisini başa çatdırmaq mümkün olmur. Çünki Cümhuriyyətin süqutu ilə bu layihələr də yarımçıq qalır. Yəni Zivər bəy Əhmədbəyov milli dövlətçiliyə, adət və ənənələrə hörmətlə yanaşan bir vətəndaş mövqeyində dayanan şəxsiyyət olub. İntihar etməzdən əvvəl də belə bir ifadə işlətmişdi ki, bu xalqı Baqdasarovlar, Roxlinlər  nə qədər idarə edəcəklər. O zaman ona qarşı güclü təqib və təzyiqlər var idi. Doğrudur, Zivər bəy sovet dönəmində də fəaliyyət göstərib. Bilirsiniz ki, Azərbaycanda sovet hakimiyyəti qurulanda onun ilk rəhbəri Nəriman Nərimanov olub. 13 noyabr 1920-ci ildə Xalq Maarif Komissarlığının qərarı ilə yandırılmış Tağıyev teatrının binasının bərpa olunması Zivər bəy Əhmədbəyova tapşırılır. Cümhuriyyət dönəmində fəaliyyət göstərmiş ziyalılar, o cümlədən də Zivər bəy həmin dövrdə  milli-mədəni quruculuq işlərində fəaliyyətlərini davam etdirirlər. Amma basqı, təzyiq imkan vermir ki, Zivər bəy əvvəlki kimi fəaliyyət göstərsin. Ona görə də 1925-ci ildə canına qəsd edir. Bunu nəvəsi də dəfələrlə müsahibəsində qeyd edib ki, Əhmədbəyov özünü evində güllələyərək intihar edib. Yəni insanı bu həddə çatdırırdılar. Bu o demək idi ki, Zivər bəy o dövrlə, o adamlarla barışmır. Prinsipsiz, qətiyyətsiz biri olsa idi, ola bilərdi…

Fuad Babayev: Uyğunlaşardı. Amma o zaman da repressiyaya məruz qalacaqdı. Tutaq ki, on ildən sonra. Ən azı bu qədər də yaşayacaqdı.

Firdovsiyyə Əhmədova: Amma bu da az nümunələrdən biri idi ki, barışmır, ancaq əlindən heç nə gəlmir. Etirazını yalnız özünə qəsd etməklə bildirə bilir.

Fuad Babayev: Bir məsələ barədə də fikrinizi öyrənmək istəyirəm. Nəzərə alaq ki, artıq dekabr ayıdır. Tarixçilər və ya memarlar tərəfindən Zivər bəy Əhmədbəyovun 150 illik yubileyi qeyd edildi?

Fidan Mustafayeva: Ümid edək ki, qarşıdakı günlərdə belə bir tədbir olar.

Firdovsiyyə Əhmədova: Mən Fidan xanım kimi ümid etmirəm və gözləmirəm də. Nəyə görə? Sovetlər dövründən qalma yaxşı ənənə var: şəxsiyyətlərin, yaxud hadisələrin yuvarlaq ildönümləri ilə bağlı qərarlar verilir, tədbirlər planı hazırlanır. Hər bir dövlətin öz siyasəti, ideologiyası olmalıdır. Sovet dövründə tədbirlər, yubileylər siyahısına adların düşməsi ideoloji siyasətin bir parçası o idi. Bu məsələdə dövlətçiliyə, Azərbaycan tarixinə, mədəniyyətinə, cəmiyyətinə xidmət edən şəxsiyyətlərin tanıdılması vacibdir və bunun üçün böyük məsrəf də tələb olunmur. İndiki texnoloji resurslarla bunu etmək mümkündür. Əgər Memarlar İttifaqı Zivər bəylə bağlı təqdimat keçirmək üçün müraciət etsə idi, hesab edirəm ki, bu halda cavabsız qalmazdı. Ancaq belə bir müraciətin olub-olmadığını bilmirəm. Müvafiq qurumlarda elə bir struktur olmalıdır ki, təqvimi izləsin, tanınmış insanlara diqqət yetirsin. Məsələn, bu il Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin (Azərbaycanın təbii sərvətlərini, iqtisadiyyatını, tarixini, fəlsəfəsini, incəsənəti və s. öyrənən elmi mərkəz – red.) 100 ili tamam oldu. Təsadüfən, nəşrlərlə maraqlanarkən, təqvimə baxıb gördük ki, bu mərkəz 1923-cü ilin noyabrında yaradılıb. Biz, bir qrup ziyalı dövlət başçısına müraciət etdik, sonra Milli Elmlər Akademiyasında tədbir keçirildi. Buna baxmayaraq biz, Cəmiyyətin yubileyini ayrı-ayrı yerlərdə də qeyd etdik. Çünki Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti çox önəmli təşkilat olub, hansı ki, onun bazasında sonralar Elmlər Akademiyası yaradılıb. Yəni biz buna may ayından başladıq, bu yaxınlarda isə Multikulturalizm Mərkəzində bir tədbir keçirdik.

Bəzən belə olur. Bəlkə il gəlib başa çatanda, dekabr ayında nə isə bir şey edirlər, onu da gözdən pərdə asmaq üçün. Üzümüzə gələn yeni il, yanvar ayında Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi tamam olur. Yenə də ayrı-ayrı adamların təşəbbüsü ilə hansısa tədbirlər keçiriləcək. Bu, təkcə tanıtma, maarifləndirmə deyil, həm də varislik məsələsidir. Hər bir şəxsiyyət özü ilə müxtəlif dəyərlər daşıyır. İndiki dövrdə niyə biz bu dəyərləri itirək? Bu, bizim gələcəyimiz üçün strateji əhəmiyyətə malikdir. Bunu əgər görməməzlikdən gələriksə, sonradan gənclərimizdən nə tələb edə, yaxud uma bilərik. Zivər bəy Əhmədbəyov üçün bu lazım deyil. O, öz yaratdığı abidələrlə, irsi ilə yaşayır.

Şəxsiyyəti təkcə onun peşə fəaliyyəti ilə deyil, onun həyatı ilə də öyrənmək lazımdır. Zivər bəyin öz layihəsi əsasında hazırlanan Çəmbərəkənddəki evində səkkizguşəli akvarium var idi, mərmər döşəməli otaqda ziyalılar yığılırdı, konsertlər təşkil edirdi, özü də fortepianoda, skripkada ifa edirdi, yəni bir musiqi, sənət gecələri keçirirdi. Bunu gənclərimiz bilsə çox gözəl olardı. Görərdilər ki, bu insan peşəkar memar olmaqla bərabər necə də gözəl həyat tərzi sürüb.

Fidan Mustafayeva: Azərbaycan Memarlıq və İnşaat Universitetində bərpa ixtisası üzrə təhsil alan tələbələr Zivər bəy Əhmədbəyovun abidələrindən bir neçəsini öz diplom işlərində bir obyekt olaraq seçib və təbii ki, irsə zərərə toxunmadan bərpa, yenidənqurma layihələri təklif ediblər. Yəni bu, sadəcə bakalavr pilləsini bitirən tələbələrin təklifi və məsələyə yanaşmasıdır.

Fuad Babayev: Ümumiyyətlə, Azərbaycan memarlığının tarixi Universitetinizdə tədris olunur?

Fidan Mustafayeva: Əlbəttə. İlkin başlanğıc dövrlərdən.

Fuad Babayev: Yəqin ki, Zivər bəy Əhmədbəyov da tədrisdə önəmli yerlərdən birini tutur.

Fidan Mustafayeva: Təbii ki.

Mehman İbrahimov: Bəs Zivər bəy sovetlər dönəmində nə işlə məşğul idi? Ona iş ilə bağlı müraciət olunub? Yəni Azərbaycanda memar çox az idi, hökumət də maraqlı olmalı idi ki, ondan faydalansın.

Firdovsiyyə Əhmədova: 1922-ci ilə qədər Bakı şəhərinin baş memarı olaraq qalırdı. Amma o zaman mühit tamam başqa idi: repressiyalar və s. İnsanı nə həddə çatdırırdılar. Təsəvvür edin, Türkiyədən gətirilimiş bir tütünə görə “sən Türkiyə casususan” deyib adamı güllələyirlər. Zivər bəy də mövqe qoyur ki, filan binada xalq memarlığının ornamenti olmalıdır və s. Onlar da bunu qəbul etmirlər. Başa düşürəm, intihar çıxış yolu deyil, ancaq insanın əsəbləri hansısa həddə çatdırılırsa, yəqin ki, o da çıxış yolu kimi intiharı seçir. Halbuki, Zivər bəy bu bilik və bacarıqla gedib xarici ölkələrdə fəaliyyətini davam etdirə bilərdi. Maraqlıdır ki, Zivər bəy Əhmədbəyov niyə sovet hökuməti qurulandan sonra xaricə getmədi. 1920-ci illərdə xaricə çıxış imkanı var idi.

Mehman İbrahimov: Sankt-Peterburqa, Moskvaya gedib orada da işləyə bilərdi.

Firdovsiyyə Əhmədova: SSRİ-nin harasına getsə idi, repressiya maşınından xilas ola bilməyəcəkdi.

Mehman İbrahimov: Amma 1937-ci ilə qədər sağ qalacaqdı.

Firdovsiyyə Əhmədova: Düzdür, ancaq tarixi geri qaytarıb deyə bilmərik ki, niyə özünə qəsd etdin. Məsələn, Akademik Heydər Hüseynova (1908-1950; Azərbaycan-sovet filosofu, ictimai xadim, elm təşkilatçısı – red.) 2 dəfə Stalin mükafatı, digər mükafatlar da verilmişdi. Ancaq nə qədər təzyiqlər olub ki, insan damarlarını kəsərək intihar edib.

Fuad Babayev: Nəzərə almaq lazımdır ki, yaradıcı insanlar daha həssas olurlar. Zivər bəy də yaradıcı bir insan olub.

Firdovsiyyə Əhmədova: Yeri gəlmişkən, Heydər Hüseynovun adını çəkdik. Ancaq maraqlıdır ki, o, Zivər bəy Əhmədbəyovun Çəmbərəkənddəki evinin sökülməsi məsələsində etiraz edərək yazmışdı ki, bu ev muzey kimi saxlanılmalıdır. Çünki Zivər bəyin müxtəlif ölkələrdən gətirilmiş zəngin kolleksiyası var idi. Xüsusi bir otaq o kolleksiya üçün ayrılmışdı.

Fuad Babayev: Biz nəyi tövsiyə edə bilərik? Zivər bəy elə iz qoyub ki, onu 151 yaşında da xatırlamaq olar. Bizim tribunadan istifadə edərək nə təklif etmək olar? Məsələn, Peterburqa gedirsən, “Dostoyevskinin yerləri” var. Tutaq ki, “Cinayət və cəza” əsəri harada yazılıb və s. Yəni bir marşrut ilə gəzirsən. Bizdə də bu cür turist marşrutları etmək olmaz? Misal üçün, Zivər bəyin binalarına, yaxud Çəmbərəkənddə harada yaşayıb, Səadət məktəbinin yeri harada olub, oralara da turist marşrutu təşkil etmək olar.

Firdovsiyyə Əhmədova: Zivər bəy Əhmədbəyovu Çəmbərəkənddə dəfn etmişdilər, sonra ora söküldü, ailəsi onun nəşini II Fəxri Xiyabana apardı. O da söküldü. Zivər bəyin qəbri yoxdur. Nə yaxşı ki, Nizami metrostansiyasının yanında heykəli qoyulub. Hesab edirəm ki, o heykəl onun məzarıdır. İndi hər şey etmək olur. Simvolik məzar da düzəltmək olar. Yaxud bundan əvvəl təklif etdiyiniz marşrutu virtual formada da təşkil etmək mümkündür. Fidan xanım, yaxşı olar ki, tələbələriniz Şamaxıdan Bakıya, Moskvaya, Zivər bəyin bir müəllif kimi abidələri olan digər şəhərlərə virtual marşrut yaradıb paylaşsınlar. O zaman daha çox adam onunla tanış ola bilər.

Fuad Babayev: Doğrudur, minlərlə adam ona baxa bilər.

Mehman İbrahimov: Fidan xanım, Sizin ali məktəbin və yaxud memarların ayrıca saytı varsa, orada bölmə yaradıb, Zivər bəy Əhmədbəyovun layihəsi əsasında tikilən binaların 3d formalarını düzəldərək nümayiş etdirmək mümkündür?

Fidan Mustafayeva: Təbii ki, olar. Ancaq bunun üçün xüsusi olaraq bir layihə hazırlanmalıdır. Çünki Azərbaycanın mədəni irsi çox zəngindir: Bakı-Abşeron, Qarabağ memarlıq məktəbləri və s. Bunların hər biri ayrı-ayrı layihə formasında hazırlanmalı və təqdim olunmalıdır.

Firdovsiyyə Əhmədova: Əslində çox şey etmək olar. Tutaq ki, Zivər bəyin adına təqaüd təsis etmək olar. Yaxud, layihə deyirsiniz. Bilirsiniz ki, hər il qrant layihələri həyata keçirilir. Nə olar, bu sahədə də təşəbbüs olsun. Qəbul edərlər, etməzlər, başqa şeydir. Bizim milli memarların sayı elə də çox deyil. Zivər bəy Əhmədbəyovun simasında qoy Sizin mütəxəssislər bir araya gəlib layihə versinlər.

Fidan Mustafayeva: Bu layihələr olur və bu işlər seçildiyi təqdirdə, təbii ki, əsas keyfiyyət məsələsidir, onlar bir çox MDB və Avropa ölkələrinə müsabiqələrə gedir. Ən azından, Zivər bəyin irsini orada yaşayan insanlar və elm aləmi, akademik mühit görür. Çünki tək binalar deyil, onun özü haqqında da məlumatlar verilir. Tələbələr, onların rəhbərləri… bakalavr dedim, amma magistratura pilləsini bitirənlər artıq daha elmi istiqamətdə bunu tətbiq edirlər. Yəni bacardığımız qədər dəyərli memarlarımızı unutdurmamağa çalışırıq. Və təbii ki, tədris prosesində də mütləq onun üçün ayrılmış yer var.

20-12-2023