Gənc dizaynerlər Avropanın ən böyük lüks interyer dizayn predmetlərinin multibrend şourumunda iştirak ediblər

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Memarlıq fakültəsinin tələbələri “Collezione İtaliya” şourumunda ekskursiyada olublar.

"Layihələndirmə -2" fənninin tədrisi ilə bağlı istehsal mühiti ilə qurulan qarşılıqlı əməkdaşlıq çərçivəsində gerçəkləşən ekskursiyada 161a1 və 161a2 qruplarının tələbələri iştirak ediblər. 

Kafedranın müəllimləri Nərgiz Ağayeva və Təranə Əbdülrəhimovanın rəhbəri olduğu ekskursiyada tələbələr İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisi olan “Collezione İtaliya”da təqdim olunan interyer məhsulları ilə yaxından tanış olublar. Satış təmsilçiləri onlara çox geniş – 2 mərtəbəli və böyük bir ərazini əhatə edən şourumda təqdim olunan mebellər (yataq, qonaq, iş, yumşaq, mətbəx), santexnika dəstləri və aksesuarları, qapı-pəncərə və parket, çilçıraqlar, ev tekstili, pərdə, divar kağızları və onların istehsalçıları barədə ətraflı məlumat verib. 

Ekskursiyanın sonunda “Collezione İtaliya” şourumunun layihə şöbəsinin rəhbəri Mehman Məmmədov tərəfindən müəllim və tələbələrə hədiyyələr təqdim olunub.  

“Collezione İtaliya” Avropanın ən böyük premium mebel və aksesuarlarının multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, ecazkar interyer predmetlərini təqdim edir.
 

13-12-2023