Tələbələrin elmi tədqiqata cəlb olunması istiqamətində növbəti seminar keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) magistr və doktorantları üçün “Elmi məqalələrin hazırlanması qaydaları” adlı seminar keçirilib.

Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə ərsəyə gələn seminarda magistrantlar, doktorantlar və müəllimlər iştirak ediblər.

İlk olaraq TEC-nin sədri Günel İmamquliyeva təmsil etdiyi cəmiyyət haqqında  məlumat verib, seminarın gənc tədqiqatçılar üçün olan əhəmiyyətinə toxunub.

 Seminar Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasının dosenti, “Elmi Əsərlər” jurnalının məsul katibi Samira Əkbərovanın təqdimatında “Elmi məqalələrin hazırlanması qaydaları”na həsr olunub. Məruzəçi gənc tədqiqatçıları elmi məqalə anlayışı, elmi məqalənin strukturu, açar sözlərin seçilməsi, eləcə də  giriş, əsas hissə və nəticənin yazılması, ədəbiyyat siyahısının tərtib olunması kimi vacib mövzular ətrafında məlumatlandırıb. Beynəlxalq indekslənən bazalara daxil olan jurnallar, bazada məqaləyə uyğun jurnal axtarılması, qeydiyyat qaydaları, impakt faktor anlayışı, məqalənin seçilmiş jurnalın tələblərinə uyğun hazırlanması və jurnala təqdim edilməsi prosesindən danışıb.

Sonda iştirakçıların mövzu haqqında sualları cavablandırılıb.
 

12-12-2023