AzMİU tələbələri Bakı Yunus Əmrə İnstitutu ilə əməkdaşlıq çərçivəsində Türkiyə universitetlərində elmi-tədqiqatlara cəlb olunacaqlar

Bakı Yunus Əmrə İnstitutunun direktoru Selçuk Karakılıç Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.

Selçuk Karakılıç Universitetin Tədris işləri üzrə prorektoru professor Akif Qasımov, Beynəlxalq əlaqələr üzrə prorektor professor Nərgiz Abdullayeva və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinova ilə görüşüb. 

Görüşdə Yunus Əmrə İnstitutu və AzMİU arasında əvvəlki illər qurulan səmərəli əməkdaşlıq əlaqələrindən söhbət açılıb, yeni əməkdaşlıq imkanları müzakirə edilib. Qərara alınıb ki, AzMİU tələbələrinin gələcəkdə Türkiyə universitetlərində elmi-tədqiqatlara cəlb olunması, tikinti qurumlarında istehsalat təcrübəsi keçmələrinə dəstək göstərilsin. O cümlədən, türkiyəli mütəxəssislərin AzMİU-da master-klaslar, seminarlar keçirməsinə, sərgilərinin təşkilinə şərait yaradılsın. 

Görüşün əsas müzakirə mövzusu isə Türkiyə universitetləri ilə həyata keçiriləcək ikili diplom proqramları olub. Müzakirədə Türkiyədə təhsil alacaq AzMİU tələbləri üçün türk dili kursları və TYS (Türkcə Yetərlilik Sınavı) imtahanı, həmçinin AzMİU-ya gələcək türk tələbələr üçün Azərbaycan dili kursu və imtahanının təşkil olunması kimi vacib məsələlərə toxunulub.   

Bununla yanaşı, görüşdə ölkələrimiz arasında qardaşlıq, mədəni və təhsil əlaqələrindən də danışılıb.
 

11-12-2023