AzMİU-da Ümummilli Lider Heydər Əliyevin anım günü keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən öncə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və universitetin kollektivi Fəxri Xiyabana gedərək müasir müstəqil dövlətimizin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil və gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər. 

Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıb. Xalqımızın milli-mənəvi dəyərlərinin qarantı olan, bütün dövrlərdə onların qorunmasına çalışan görkəmli dövlət xadiminin mədəniyyətimizin, elmimizin və təhsilimizin hərtərəfli inkişafı üçün gördüyü işlərin konkret nəticələr verdiyini vurğulayıb: “Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərliyi dövrünü əhatə edən 1969/1982-ci illər ölkəmizin inkişafının intibah dövrü olub. Həmin dövrdə Azərbaycan istər sosial-iqtisadi, istərsə də ictimai-mədəni sahələrdə dinamik və güclü inkişaf yolu keçib. Heydər Əliyev təhsilə, tərbiyəyə strateji sahə kimi baxıb, təhsil məsələsini daim diqqət mərkəzində saxlayaraq bu sahədə ciddi işlər görüb. Həmin illərdə ölkəmizdə orta ümumtəhsil məktəbləri şəbəkəsi 3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılıb, 6 yeni ali təhsil müəssisəsi açılıb və ali təhsil alanların sayı 70 mindən 100 minə çatdırılıb. Bizim universitetin yaradılması təşəbbüsü də 1975-ci ildə məhz onun tərəfindən irəli sürülüb”.

Rektor Ulu Öndərin uzaqgörən və hərtərəfli siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır – xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən əsarətində olan torpaqlarımız əbədi azadlığına qovuşub.

Ümummilli Liderin irsinin tədqiqatçısı, "Heydər Əliyev. Şəxsiyyət və zaman" çoxcildliyinin müəllifi, xalq yazıçısı Elmira Axundova Ulu Öndərlə bağlı xoş xatirələrini bölüşüb, zəngin dövlətçilik irsindən söhbət açıb. Bildirib ki, Heydər Əliyevin bənzərsiz tarixi şəxsiyyət kimi dövlətçiliyimizin təşəkkülündə və inkişafında müstəsna rolu danılmazdır. Ümummilli Lider haqqında yazdığı kitab haqqında ətraflı məlumat verən Elmira Axundova əsərdə də qeyd olunan bəzi nümunələri səsləndirərək Ulu Öndərin həyat və fəaliyyətindən maraqlı və real faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.  

Memarlar İttifaqının sədri, AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasının müdiri professor Elbay Qasımzadə çıxış edərək Ümummilli Lider Heydər Əliyevin şərəfli ömür yolundan və milli dövlətçilik tariximizdə misilsiz xidmətlərindən, o cümlədən memarlığın inkişafı naminə müstəsna fəaliyyətindən danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüb.

AzMİU-nun magistrantı Zərif Şirəliyeva çıxış edərək Azərbaycanın hərtərəfli tərəqqisi yolunda böyük tarixi xidmətlər göstərən, dövlət müstəqilliyinin və təhlükəsizliyinin qorunmasına əvəzsiz töhfələr verən Heydər Əliyevin Vətənə sədaqət, xalqa fədakarlıqla xidmət nümunələridən söz açıb, dahi şəxsiyyətin gənclərə göstərdiyi dəstəkdən danışıb.

Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film izlənilib.

14-12-2023