IV Sənaye İnqilabı fonunda İT mühəndislərinə tələbat daha da yüksələcək – Rektor MİT fakültəsinin I kurs tələbələri ilə görüşüb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Mexanika və informasiya texnologiyaları (MİT) fakültəsinin I kurs tələbələri ilə görüşüb. 

Görüşdə prorektorlar, fakültə dekanı, professor-müəllim heyəti və tələbə təşkilatlarının nümayəndələri iştirak ediblər.

MİT fakültəsinin dekanı Sabir Məmmədov çıxış edərək I kurs tələbələri ilə keçirilən görüş üçün rektora təşəkkürünü bildirib və belə görüşlərin əhəmiyyətinə diqqət çəkib. Qeyd edib ki, universitet rəhbərliyi ilə birinci kursların birbaşa ünsiyyəti tədrisin inkişafına təkan verməklə yanaşı, tələbələr üçün böyük motivasiyadır.

Çıxışına I və II Qarabağ müharibəsində, eləcə də dövlətimizin suverenliyi uğrunda canını fəda edən şəhidlərimizin, o cümlədən AzMİU-nun şəhid tələbə və məzunlarının xatirəsini anaraq başlayan rektor professor Gülçöhrə Məmmədova gəncləri hər şeydən öncə vətənpərvər olmağa, təhsildə daim nailiyyətlər əldə etməyə çağırıb. Rektor qeyd edib ki, tələbələrin başlıca vəzifəsi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni təhsildə davam etdirməkdir.

IV Sənaye İnqilabı fonunda informasiya texnologiyaları ixtisasları üzrə kadrlara yaranan tələbatın daha da yüksələcəyinə diqqət çəkən rektor tələbələri təhsildə böyük nailiyyətlər qazanmağa, ixtisaslı mühəndislər olaraq ölkəmizin bu istiqamətdə inkişaf etdirilməsi prosesində iştiraka səsləyib. 

Professor Gülçöhrə Məmmədova tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb, ali məktəbdə fəaliyyət göstərən tələbə həmkarlar, tələbə gənclər təşkilatları ilə sıx və işgüzar əlaqələr qurmağı tövsiyə edib.

Rektor çıxışında universitetdə keçirilən imtahanlara, onların obyektiv və şəffaf keçirilməsi üçün yaradılan şəraitə və tələbələrin üzərinə düşən vəzifələrə də toxunub.

Sonra AzMİU-nun Tədris işləri üzrə prorektoru professor Akif Qasımov çıxış edərək universitetdə tədrisin təşkili və şəffaf imtahan sistemi ilə bağlı detallı məlumat verib.

Görüşdə tələbələrin çoxsaylı sualları cavablandırılıb, onların problemlərinin həlli istiqamətində tapşırıqlar verilib.
 

07-12-2023