AzMİU “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzinin üç nominasiya üzrə qalibi oldu

Rusiyanın “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzi tərəfindən Elm və Təhsildə ən yüksək nailiyyətlərin VI Beynəlxalq “Təqdimat” müsabiqəsinin nəticələri açıqlanıb. 

Müsabiqədə MDB ölkələrindən elm adamları, ali təhsil və elmi-tədqiqat müəssisələri iştirak edib. 

Müsabiqənin Təşkilat Komitəsinin rəyinə əsasən müxtəlif nominasiyalar üzrə qaliblər müəyyənləşib.  

Nəticələrə əsasən, Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) üç nominasiya üzrə qalib olub. Ali təhsil müəssisəsində uğurlu idarəetmə keyfiyyətlərinə, elm və təhsil sahəsində göstərdiyi yüksək nailiyyətlərə və xüsusilə elmin inkişafına verdiyi töhfələrə görə AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova “İlin Rektoru-2023” nominasiyası üzrə qalib olub. “İlin kafedrası-2023” nominasiyası üzrə isə AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrası qaliblər sırasında yer alıb. Bununla yanaşı, “İlin layihəsi-2023” nominasiyası üzrə AzMİU-nun Biznesin iqtisadiyyatı və menecment kafedrasının müdiri professor Məhəbbət Məmmədovun baş redaktorluğu ilə nəşr olunan “Tikinti iqtisadiyyatı və menecmenti” elmi-praktik jurnal qalib olub.

Hər nominasiya üzrə birinci yeri tutan müsabiqə qaliblərinə kubok və diplomlar təqdim edilib.

Qeyd edək ki, “Elmi Əməkdaşlıq” Beynəlxalq Araşdırmalar Mərkəzi qlobal arenada elm adamlarına keyfiyyətli tədqiqat, ekspert təhlili, konsaltinq, redaksiya, informasiya, tərcümə və nəşr xidmətləri göstərmək məqsədi ilə yaradılıb. Elmi məqalələr toplularının yaradılması, müəllif və kollektiv monoqrafiyaların nəşri, Rusiya və əcnəbi alimlərin tədqiqatlarının nəticələrinin sistemləşdirilməsinə və nəşrinə yönəlmiş beynəlxalq konfransların təşkil edilməsi, fəal şəbəkələşmə çərçivəsində tədqiqatlar aparmaq üçün yerli, regional, milli və beynəlxalq səviyyələrdə tərəfdaşlıq əlaqələrinin qurulması Mərkəzin işinin aparıcı istiqamətlərindəndir.
 

07-12-2023