“Karyera yolu” – Uğurlu İT mütəxəssisləri öz təcrübələrini gələcəyin mühəndisləri ilə bölüşüblər

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elm və Təhsil Nazirliyinin təşəbbüsü, “Code Academy”nin təşkilatçılığı ilə “Karyera yolu” mövzusunda  görüş keçirilib. 

Görüşün məqsədi AzMİU tələbələrinin informasiya texnologiyaları (İT) sahəsində rolunun artırılmasına dəstək vermək olub.

Qonaqları “Code Academy”nin peşəkar mütəxəssisləri “Code for future” layihəsinin koordinatoru Ülvi Səfərli, Proqramlaşdırma tədris instruktoru və tədris koordinatoru Həsən Nuruzadə, Şəbəkə administoru və instruktoru Fariz Əsədov informasiya texnologiyalarının əhəmiyyəti, İT sahəsi üzrə qət etdikləri yol və bu yolda üzləşdikləri çətinliklər barədə söhbət aparıb, əmək bazarındakı geniş iş imkanları barədə danışıblar. 

İnteraktiv keçən tədbirin yekununda “Code Academy”nin mütəxəssisləri tələbələri maraqlandıran sualları cavablandırıblar.

Qeyd edək ki, AzMİU-da Mexanika və İnformasiya Texnologiyaları fakültəsi fəaliyyət göstərir. Fakültədə İT istiqamətində bakalavr səviyyəsində İnformasiya texnologiyaları mühəndisliyi və Proseslərin avtomatlaşdırılması mühəndisliyi, magistratura səviyyəsində isə İdarəetmədə informasiya sistemləri və Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. 

Bundan əlavə, tələbələrin İT-ni dərindən mənimsəməsi üçün universitetdə “AzMİU Academy” də fəaliyyət göstərir. Həmçinin AzMİU “Code Academy” ilə Elm və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Code for future” layihəsinə də qoşulub.
 

16-11-2023