Tədqiqat yönümlü universitetə doğru daha bir addım – “Clarivate Analytics” şirkətinin təcrübəsi öyrənilib

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) beynəlxalq jurnallarda məqalə dərc olunmasına dair növbəti maarifləndirici seminar keçirilib. 

Universitetin akademik heyəti üçün nəzərdə tutulan seminarda “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina “Web of Science” platformasından istifadə qaydaları və bura daxil olan jurnallarda məqalələrin nəşrinə dair tələblər haqqında ətraflı məlumat verib. 

Mütəxəssis çıxışında jurnal, müəllif və məqalələrin elmmetrik göstəriciləri, məqalələri təqdimetmə qaydaları, seçim meyarları, elmi reputasiya yaratmaq, nəşrin hazırlanması və digər praktik məsələlərlə bağlı auditoriyanı məlumatlandırıb.

Akademik heyətin  dünyanın nüfuzlu elmi jurnallarında  məqalələrinin dərc edilməsi sahəsində bilik və bacarıqlarının artırılması, onların daha dərindən məlumatlandırılmasını təmin etmək məqsədi daşıyan seminarda 40-dan çox əməkdaş iştirak edib. 

Seminarın sonunda auditoriyanın sualları cavablandırılıb.
 

14-11-2023