203 nəfərin içindən seçilən tələbəmiz Olimpiada qalibləri arasında

Heydər Əliyev İli çərçivəsində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Dövlət Statistika Komitəsi tərəfindən yuxarı sinif şagirdləri və ali məktəb tələbələri arasında təşkil olunmuş Statistik Olimpiadanın final mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Elm və təhsil naziri Emin Əmrullayev olimpiadada iştirak edən şagird və tələbələri təbrik edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin keşməkeşli həyat yolundan və xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışıb, müstəqilliyimizin məhz onun sayəsində əbədi və dönməz xarakter aldığını vurğulayıblar.

Qeyd olunub ki, olimpiadanın keçirilməsində əsas məqsəd yuxarı sinif şagirdlərinin və ali məktəb tələbələrinin statistikaya marağını artırmaq, statistik biliklərə malik istedadlı şagird və tələbələri aşkar etmək, onları həvəsləndirmək və intellektual inkişaflarına təkan verməkdir. 

Statistik Olimpiadanın yekunlarına dair hesabat məruzəsi ilə çıxış edən Dövlət Statistika Komitəsi sədrinin müavini, təşkilat komitəsinin sədri Yusif Yusifov qeyd edib ki, Olimpiadada ümumilikdə 3106 nəfər şagird, 203 nəfər tələbə iştirak edib. Şagirdlər arasında keçirilmiş olimpiadanın nəticələrinə görə İsmayıllı rayonu Diyallı kənd Aqil Məmmədov adına tam orta məktəbin 11-ci sinif şagirdi Göyüşov Namaz Veyis oğlu 1-ci, Masallı rayonu Musaküçə kənd Fayəddin Xancanov adına tam orta məktəbin 11-ci sinif şagirdi  Kazımzadə Mircəlal Mirkazım oğlu 2-ci, Lənkəran rayonu Hirkan qəsəbə Ağaxan Quliyev adına tam orta məktəbin 10-cu sinif şagirdi - Baxşiyev Cavidan Cavid oğlu 3-cü, tələbələrdən isə Azərbaycan Dövlət İqtisad universitetinin 2-ci kurs magistrantı Topçubaşova Yaqut Əziz qızı 1-ci,  Bakı Mühəndislik Universitetinin  4-cü kurs tələbəsi İslamov İsrafil Rasim oğlu 2-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin 3-cü kurs tələbəsi - Mirzəyeva Nigar Oqtay qızı isə 3-cü yeri tutub.

Tədbirdə daha sonra Statistik Olimpiadanın final mərhələsinə keçmiş tələbə və şagirdlərə sertifikat və hədiyyələr, olimpiadanın qaliblərinə isə diplom və hədiyyələr təqdim olunub.

https://youtu.be/4-twy4ty3XQ

06-11-2023