Müharibənin insan psixologiyasında buraxdığı izlər: Müəllim və tələbələrimiz “Mən burdayam, ilahi!” filmini izləyiblər

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) İkinci Qarabağ müharibəsinə həsr olunmuş “Mən burdayam, ilahi!” tammetrajlı bədii film nümayiş olunub. 

AzMİU-nun İnşaat fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə keçirilən tədbirdə filmin yaradıcı heyəti, aktyorlar və tələbələr iştirak ediblər. 

Təqdimatdan öncə prorektor Orxan Naqdiyev, İnşaat fakültəsinin dekanı Sahib Fərzəliyev, THİK-nin sədri Şahmar Rəfili çıxışları dinlənilib. Onlar 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbədən bəhs edib, həmin günləri qürurla xatırlayıblar. Filmin ərsəyə gəlməsində əməyi keçənlərə təşəkkürlərini ifadə ediblər. 

Çıxışlardan sonra “Mən burdayam, ilahi!” filmi tamaşaçılara təqdim olunub.  

“Mən burdayam, ilahi!” real hadisələr əsasında çəkilmiş filmdir. Filmin əsas mövzusu müharibənin insan həyatına vurduğu mənəvi-psixoloji zərbələrdir. Süjetdə ağır döyüş səhnələrindən daha çox müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq uğrunda apardıqları mübarizə ön plana çəkilir.

İkinci Qarabağ müharibəsinin üçüncü ildönümündə tamaşaçıların ixtiyarına verilən filmin rejissoru Qulu Əsgərov, ssenari müəllifi Nicat Dadaşovdur.
 

06-11-2023