AzMİU və Türkiyənin İSKİ təşkilatının mütəxəssisləri Azərbaycanın sutəmizləmə prosesi ilə bağlı birgə təkliflər hazırlayacaqlar


Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) qonaq olan Türkiyənin İstanbul Su və Kanalizasiya İdarəsinin (İSKİ) əməkdaşlarının Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə səfəri təşkil olunub.

AzMİU-nun Su təsərüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsinin dekanı professor Zakir Musayev və fakültənin müəllimi dosent Aqşin Kərimov və Xarici əlaqələr şöbəsinin müdir müavini Könül Şirinovanın müşayiəti ilə qonaqlar Azərbaycanın içməli su sektoru üzrə tətbiq olunan ən müasir qurğulara baxış keçiriblər. 

Tanışlıq çərçivəsində qonaqlara  kompleksin tikintisi və burada suyun emal prosesləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, Ceyranbatan suyu heç bir kimyəvi təmizlənmə aparılmadan tam qapalı, avtomatik rejimdə, mexaniki üsulla təmizlənir. Burada emal olunan su beynəlxalq qurumların qəbul etdiyi standartlara tam cavab verir, girişdə və çıxışda ciddi laborator yoxlamalardan keçir. 

Qonaqlar daha sonra mərkəzi idarəetmə sistemi - SCADA otağında idarəetmə proseslərini izləyib, kompleksin laboratoriyası ilə tanış olublar.

Komplekslə tanışlıqdan sonra AzMİU və İSKİ mütəxəssisləri ölkənin sutəmizləmə prosesi ilə bağlı tətbiq olunan metodları müzakirə ediblər, Türkiyənin analoji sektor üzrə təcrübəsi ilə müqayisə aparılıb və səmərəliliyin artırılması üçün fikirlər səsləndirilib. 
Qərara alınıb ki, AzMİU və İSKİ mütəxəssisləri tərəfindən ortaq analizlər aparılsın və innovativ texnoloji tətbiqlərlə bağlı Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinə təkliflər verilsin. 

Türkiyəli qonaqlar daha sonra Şabran rayonunda yerləşən Taxtakörpü su anbarı, Taxtakörpü Su Elektrik Stansiyasında olublar. 

İSKİ əməkdaşlarına məlumat verilib ki, 2013-cü ildə istifadəyə verilən Taxtakörpü su anbarında toplanan sudan elektrik enerjisinin alınması ilə yanaşı, içməli su ilə təminat, texniki və suvarma məqsədləri üçün də istifadə olunur. 

Anbar və SES-nın fəaliyyətini yaxından izləyən qonaqlar, AzMİU mütəxəssisləri ilə fikir mübadiləsi aparıb, su təmizləyici qurğuların iş prinsipiylə maraqlanıblar. Qonaqlara burada aparılan işlər, tətbiq olunan texnologiyalar və AzMİU-nun müvafiq laboratoriyalarında anbar və SES üçün həyata keçirilən tədqiqatlar haqqında geniş məlumat verilib. 

Qeyd edək ki, AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində 5 ixtisas üzrə bakalavr və magistr səviyyəsində ümumilikdə iki minə yaxın tələbə təhsil alır. Fakültə nəzdində 4 kafedra, 8 yüksək elmi-texnoloji avadanlıqla təmin olunmuş laboratoriya mövcuddur. Bununla yanaşı, fakültə tələbələri mütəmadi olaraq ixtisasları üzrə əlaqədar müəssisələrə, o cümlədən Türkiyanin İstanbul Su və Kanalizasiya İdarəsinə təcrübəyə göndərilirlər. İdarəyə son olaraq 19 tələbə göndərilib və onlara İSKİ mütəxəssisləri tərəfindən Türkiyənin su və kanalizasiya sektoru üzrə ən son yeniliklər, elmi-texnoloji metodlar haqqında məlumatlar verilib, təlimlər keçirilib.
 

02-11-2023