Dövlət İmtahan Mərkəzi AzMİU “Abituriyent Məsləhət Mərkəzi”nin fəaliyyətini yüksək qiymətləndirilib

Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovaya universitetdə yaradılan “Abituriyent Məsləhət Mərkəzi”nin 2023/2024-cü tədris ili üçün ali və orta ixtisas təhsil müəssisələrinə tələbə qəbulu prosesində peşəkarlıq nümayiş etdirdiyinə görə təşəkkür məktubu ünvanlayıb.

Məktubda bildirilib ki, “Abituriyent Məsləhət Mərkəzi”nin əməkdaşları kampaniya boyunca abituriyentlərə tələbə qəbulu qaydaları, ərizə qəbulu, “Abituriyentin elektron ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərib. Əməkdaşların peşəkarlığı və işə münasibəti, hətta bəzi həftəsonu günlərində belə məsləhət mərkəzinin davamlı fəaliyyətinin təmin edilməsi qəbul kampaniyasının mütəşəkkil təşkilində və abituriyentlərə lazımi dəstəyin göstərilməsində mühüm rol oynayıb. 

Sonda Məleykə Abbaszadə AzMİU-nun rektoru Gülçöhrə Məmmədovaya, Mərkəzin rəhbəri Aynurə Bayramovaya, əməkdaşlar Səidə Mürsəliyə, Cəmalə Cəbrayılovaya, Fidan Heybətovaya, Kəmalə Süleymanovaya öz minnətdarlığını bildirib.
 

27-10-2023