İtaliya-Azərbaycan Dizayn Mərkəzinin təşkil etdiyi kursları uğurla bitirən tələbələr mükafatlandırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin İtaliya-Azərbaycan Dizayn Mərkəzinin çin dili, kalliqrafiya, foto və 3D prototipləşdirmə istiqamətlərində təşkil etdiyi kursları uğurla bitirən tələbələrə sertifikatlar təqdim olunub.

Tədbiri açıq elan edən İtaliya-Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov çin dili, kalliqrafiya, foto və 3D prototipləşdirmə kursları barədə informasiya verib. O,  qeyd edib ki, kurslara mərkəzlə uğurlu əməkdaşlıq əlaqələri quran Azərbaycan Fotoqraflar Birliyinin peşəkar fotoqrafları, Xarici Dillər Universitetinin nəzdində  Konfutsi İnstitutunun çinli müəllimləri, 3D prototipləşdirmə üzrə mütəxəssis cəlb olunub. Hazırda 3 kurs uğurla tamamlanıb,  çin dili kursu da  yekunlaşmaq üzrədir. O, əlavə olaraq çin dili kursunu uğurla tamamlayacaq tələbələrin Çinə səfərinin də nəzərdə tutulduğunu söyləyib. 

AzMİU-nun  Beynəlxalq əlaqələr üzrə prorektoru Nərgiz Abdullayeva, Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman, Konfutsi İnstitutunun Çin tərəfdən direktoru Li Jixua, 3D prototipləşdirmə üzrə  peşəkar mütəxəssis Toğrul Sərdarlı çıxışlarında  kursların tələbələr üçün əhəmiyyətinə toxunublar. Çıxışçılar kursları müvəffəqiyyətlə tamamlayan tələbələri təbrik edib,  gələcək fəaliyyətlərində uğurlar arzulayıblar. 

Tədbirin gedişində tələbə və müəllimlərə sertifikatlar və  təşəkkürnamələr təqdim olunub. Foto kurslarını fərqlənmə ilə bitirən 3 tələbəyə Azərbaycan Fotoqraflar Birliyinin sədri Amira Süleyman tərəfindən beynəlxalq press kart verilib. 

Qonaqlar kursların yüksək səviyyədə təşkil edilməsinə görə İtaliya-Azərbaycan Dizayn Mərkəzinin rəhbəri Fərid Kərimov və Mərkəzin mütəxəssisi İlkanə Səmədovaya öz təşəkkürlərini bildiriblər. Fərid Kərimova Azərbaycan Fotoqraflar Birliyi tərəfindən  press kart, İlkanə Səmədovaya isə təşəkkürnamə təqdim olunub.

26-10-2023