Elmi Şuranın 2023/2024-cü tədris ilinin ilk iclası keçirilib – Əməkhaqları artırılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Elmi Şuranın 2023/2024-cü tədris ilinin ilk iclası keçirilib. Universitetin rektoru professor Gülçöhrə Məmmədova gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb. 

AzMİU-nun elmi katibi professor Tahirə Haqverdiyevanın “2023/2024-cü tədris ili üçün Elmi Şuranın iş planının müzakirəsi və təsdiqi” barədə hesabatı dinlənilib. O, şura üzvlərini yeni tədris ilində iş planı ilə tanış edib. 

Elmi katibin çıxışından sonra Qəbul Komissiyasının müdiri Surxay Əliyevin və Magistratura Mərkəzinin direktoru Rövşən Səmədovun “2023/2024-cü tədris ilində tələbə qəbulunun nəticələri, universitetin hədəfləri və gələcəyə baxış” adlı hesabatları dinlənilib. 

Surxay Əliyev yeni tədris ilində bakalavriat səviyyəsi üzrə tələbə qəbulunun nəticələrini əks etdirən hesabatla çıxış edib. O, bildirib ki, 2023/2024-cü tədris ili üzrə qəbul planı 91,1%, AzMİU-nun nəzdindəki İnşaat Kollecində isə 100% ödənilib. 

Surxay Əliyev ötən illərlə müqayisədə bu ilki qəbulun nəticələrinə də diqqət çəkib və ayrı-ayrı ixtisaslar üzrə analitik məlumatları təqdim edib.   

Magistratura mərkəzinin direktoru Rövşən Səmədov hesabatında bildirib ki, yeni tədris ilində magistratura səviyyəsi üzrə plan yerlərinin 94,4%-nə tələbə qəbul olunub. MBA proqramı üzrə isə nəticələr daha yüksək, 97,7% olub. 

Rövşən Səmədov ayrı-ayrı ixtisasların kəmiyyət və keyfiyyət göstəricilərinə nəzər salaraq qazanılan uğurlar və çatışmazlıqlardan danışıb, daha yüksək nəticələrin əldə olunması üçün təkliflər verib.  

Hesabatların müzakirələrindən sonra digər məsələlərə baxılıb. Professor Gülçöhrə Məmmədova təklif edib ki, universitet əməkdaşlarının – professor-müəllim və inzibati idarəetmə heyətinin əməkhaqqısı 20%, tədris-köməkçi və xidmətedici heyətin əməkhaqqısı isə 15% artırılsın. Təklif Elmi Şura üzvlərinin müzakirəsinə çıxarılıb və yekdilliklə qəbul edilib. 

Məlumat üçün bildirək ki, qərara əsasən, AzMİU-da ən aşağı əməkhaqqı 660 AZN təşkil edəcək. Universitetdə professorun əməkhaqqısı 2160 AZN, dosentin əməkhaqqısı isə 1730 AZN təşkil edəcəkdir. 

11-10-2023