Nigar Qəhrəmanova: “İnşaatda məni görəndə və ixtisasımı biləndə təəccüblənirlər” - MÜSAHİBƏ

Nigar Qəhrəmanova Azərbaycan Memarlıq və İnşaat Universitetinin İnşaat fakültəsinin 2022-ci il məzunudur. Hazırda “PMD Projects” Şirkətində sahə mühəndisi vəzifəsində çalışır. Dediyinə görə ona iki layihə - “Hilton Garden Inn Baku” və “Sarabsky Plaza” həvalə olunub.

- Nigar, necə oldu ki, “PMD Projects” kimi bir şirkətdə sahə mühəndisi ola bildiniz? 


Universitetimizdə aprel ayında olan karyera sərgisinə getmişdim. Orada şirkətlə tanış oldum və əlaqə yaratdım. Sonra CV (özüm haqqında məlumat) göndərdim. Məni imtahana dəvət etdilər. İşə qəbulum da 3 mərhələli oldu –  ixtisas ilə bağlı imtahan, üz-üzə sual-cavab və müsahibə. Ondan sonra qəbul olundum. Artıq üçüncü aydır ki, bu şirkətdə çalışıram. 

- Maraqlıdır, işə qəbul zamanı ən çox hansı biliklər köməyinizə çatdı?


Kompüter proqramları (Autocad, Lira, 1C, Sap 2000, MC office, təqdimat üçün lazım olan proqramlar), ingilis dili səviyyəsi, ixtisasla bağlı kurslar və ən əsası əvvəllər ixtisasla bağlı təcrübə proqramında iştirak etməyim üstünlük yaratdı. Mənim SMTS MMC-də sahə təcrübəm var idi. Orada praktika keçmək üçün də universitetimiz göndəriş vermişdi. Üç ay ərzində qazandığım təcrübə məni digər namizədlərdən üstün etdi. 

- İnşaat deyəndə daha çox kişilərin işlədiyi sahə göz önündə canlanır.  Sahə mühəndisi olmaq sizin üçün çətin deyil ki?


İnşaatda məni görəndə və ixtisasımı biləndə təəccüblənirlər, çünki görüntü ilə peşə tamam ayrıdır. Qız mühəndis işləyir, özü də inşaat mühəndisi. 
Düşünürəm ki, qorxuların üstünə getmək, stereotipləri qırmaq lazımdır. Mən 6-7 ay uğursuzluq qorxusuna görə hərəkətə keçə bilmirdim. Daha sonra müəllimim Şaiq Quluzadə mənə dəstək oldu. O, mənə mənəvi və psixoloji dəstək verdikdən sonra mən hərəkətə keçdim və nəticə budur. Fürsətdən istifadə edib ona xüsusi təşəkkür edirəm!

Tələbələrə, aşağı kursda oxuyanlar üçün də ən vacib bunu deyə bilərəm ki, heç nədən qorxmasınlar və qorxularının üstünə getməyi, hərəkətə keçməyi bacarsınlar.

Vasif Əskərov
 

10-10-2023