Vətən uğrunda canını fəda edənlər unudulmur – Şəhid məzunumuz İsmayıl Kərimlinin doğma fakültəsində xatirəsi anılıb

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində Vətən müharibəsi şəhidi İsmayıl Kərimlinin xatirəsi anılıb. 

Əvvəlcə tədbir iştirakçıları fakültənin şəhidlər guşəsini ziyarət edib, bir zaman fakültədə təhsil alan şəhidlərin əziz xatirəsini ehtiramla anıblar. 

Anım tədbirində çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərə diqqət çəkib, Azərbaycan oğullarının igidliyindən bəhs ediblər. Qazanılan tarixi qələbədə AzMİU-nun şəhidi İsmayıl Kərimli kimi Vətən oğulları ilə xalqımızın hər zaman fəxr etdiyini, cəsurluqlarının gələcək nəsillərə örnək olduğunu bildiriblər. 

İsmayıl Kərimli 1997-ci il oktyabrın 10-da Bakı şəhərində anadan olub.

2015/2019-cu illərdə AzMİU-nun Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültəsində təhsil alıb. İkinci Qarabağ müharibəsi başlayan zaman o da yaşıdları kimi döyüşlərə atılıb. Hadrut və Şuşanın azadlığı uğrunda gedən qızğın döyüşlərdə böyük igidlik və şücaət göstərib. Noyabrın 4-də Daşaltı istiqamətində gedən gərgin döyüşlərdə ağır yaralanaraq qəhrəmancasına şəhid olub. 

Xidməti dövründə böyük şücaət göstərən İsmayıl Kərimli ölümündən sonra “Şuşanın azad olunmasına görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
 

10-10-2023