Amerikalı professor Caroline Lavoie AzMİU tələbələrinə dərs keçir

Sentyabr ayından etibarən ABŞ Dövlət Departamentinin “Fulbright” proqramı çərçivəsində Amerika Birləşmiş Ştatlarından olan mütəxəssis Caroline Lavoie Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq fakültəsində fəaliyyətə başlayıb. 

ABŞ-nin Yuta Ştatının Yuta Dövlət Universitetinin Landşaft memarlığı və ətraf mühitin planlaşdırılması departamentinin professoru olan Caroline Lavoie  AzMİU-nun Memarlıq layihələndirilməsi və şəhərsalma kafedrasına təhkim olunub.

Fakültənin müəllim və tələbələrinə “Amerikanın yaşıl binalar təcrübəsi” mövzusunda dərslər, seminarlar, vörkşoplar və ustad dərsləri keçən mütəxəssis özünün bilik və bacarıqlarını onlarla bölüşür, təmsil etdiyi universitetdə həyata keçirilən layihələr haqqında detallı elmi-metodik məlumatlar verir.  

Azərbaycanın tarixi abidələrinin tanıdılması məqsədi ilə Amerikalı mütəxəssisin kafedranın əməkdaşları tərəfindən Qobustan Milli Tarixi-Bədii və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq qoruqlarına səfəri təşkil edilib. 

Caroline Lavoie, həmçinin “Qala” Dövlət Tarix-Etnoqrafiya qoruğunda tələbələrlə birgə vörkşop keçirib. Qoruğun ərazisində canlı tarix mühit şəraitində qədim memarlıq və arxeoloji abidələr, o cümlədən yaşayış binaları, kurqanlar, sərdabələr, məscidlər, hamamlar və digər maddi mədəniyyət nümunələri analiz ediblər və həmin abidələrin eskizlərini çəkiblər.  

Qeyd edək ki, Amerikalı professorun AzMİU-da fəaliyyəti ilə bağlı bütün xərclər ABŞ Dövlət Departamentinin “Fulbright” proqramı tərəfindən qarşılanıb.
 

09-10-2023