"Məzunlarımızı tanıyaq" layihəsi beş tələbəmizə təcrübə və iş imkanı qazandırdı

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və AzMİU Medianın təşkilatçılığı ilə "Məzunlarımızı tanıyaq" adlı layihə çərçivəsində ilk görüş keçirilib. Tələbələrlə ilk görüş AzMİU-nun Memarlıq fakültəsinin məzunu, peşəkar dizayner, “Re-Design” dizayn şirkətinin təsisçisi Tural Namazovla təşkil edilib.

Görüşdə THİK sədri Şahmar Rəfili çıxış edərək Tural Namazovu tələbələrə təqdim edib və "Məzunlarımızı tanıyaq" layihəsi haqqında məlumat verib. O, qeyd edib ki, layihə çərçivəsində məzunlar tanıdılaraq, tələbələrlə əlaqələrinin qurulması üçün mühit formalaşdırılacaq, onların peşə motivasiyası yüksəldiləcək, həmçinin tələbələrə əlavə təcrübə və iş imkanları yaradılacaqdır. 

Tural Namazov çıxış edərək tələbəlik xatirələrindən, müəllimlərindən danışıb, öz uğur hekayəsini və bu yolda qazandığı təcrübələrini bölüşüb, tələbələri universitetdə onlar üçün yaradılan şəraitdən səmərəli istifadə etməyə çağırıb.

Tələbələrdə yüksək maraq doğuran görüş interaktiv formada davam edib.

Görüşdəki müzakirələrdə aktiv iştirak edən 5 tələbə “Re-Design” şirkətində əvvəl təcrübə keçmək və iş imkanı əldə edib.

Qeyd edək ki, "Məzunlarımızı tanıyaq" layihəsi çərçivəsində universitetimizi bitirmiş, hazırda uğurlu karyerası olan məzunlarımızın tələbələrlə görüşü təşkil olunacaq. Öz sahələri üzrə uğur qazanmış məzunlarımız təcrübələrini, əldə etdiyi nailiyyətlərini bölüşəcəklər və bu yolla tələbələrin istehsalatla əlaqələri gücləndiriləcəkdir.

09-10-2023