AzMİU tələbəsi “Heydər Əliyev İli” çərçivəsində keçirilən konfransda çıxış edib

Sentyabrın 7-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycan gəncliyinin formalaşmasında və inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Xaçmaz rayonunun Nabran kəndində yerləşən “Təhsil” istirahət mərkəzinin konfrans zalında təşkil olunan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov, Konfederasiyanın əməkdaşları, ölkəmizin ali təhsil müəssisələrinin tələbələri və fəal gənclər, o cümlədən AzMİU THİK-in sədri Şahmar Rəfilinin rəhbərliyi ilə AzMİU tələbələri iştirak ediblər. 

Öncə Azərbaycan dövlətinin qurucusu və banisi Ulu Öndər Heydər Əliyev başda olmaqla Vətənimizin azadlığı və müdafiəsi uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

AHİK sədri Səttar Möhbalıyev, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, elm və təhsil nazirinin müşaviri Elnur Nəsibov çıxış edərək Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu dövlətimizin gənclər siyasətindən danışıb, onun həm sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə, həm də müasir müstəqil Azərbaycanın Prezidenti olarkən gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər.

Daha sonra Vətən müharibəsi qazisi, İqtisad Universitetinin tələbəsi Xəyyam Qədiməliyev və Nigar Hüseynzadə, Dillər Universitetinin tələbəsi Zeynəb Salmanova, Memarlıq və İnşaat Universitetinin (AzMİU) tələbəsi Leyla Məmmədli, Bakı Mühəndislik Universitetinin tələbəsi Səbuhi Rüstəmov, Neft və Sənaye Universitetinin tələbəsi Rəşid Əliyev və digərləri çıxış edərək Ümummilli Liderin milli dövlətçilik siyasətindən, ölkəmizin iqtisadi müstəqilliyinin təmin olunması istiqamətində atdığı addımlardan, ordu quruculuğundan, onun müdrik rəhbərliyi sayəsində ölkəmizin qazandığı fundamental nailiyyətlərdən, həmçinin hazırda Azərbaycanda gənclərin inkişafı üçün yaradılmış şəraitdən və 44 günlük Vətən müharibəsində gənclərin rəşadətindən danışıblar.

Sonda AHİK sədri Səttar Möhbalıyev tələbələrə bir sıra tövsiyələr verib və növbəti tədris ilində uğurlar arzulayıb.
 

12-09-2023