Karamanoğlu Mehmetbey Universiteti AzMİU-nun memarlıq üzrə ali təhsil sahəsindəki təcrübəsindən yararlanmaq niyyətindədir

Türkiyənin Karamanoğlu Mehmetbey Universitetinin rektoru professor Mehmet Gavgalının rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olub.  

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova qonaqları qəbul edib və onlara rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında geniş məlumat verib. Rektor AzMİU-nun elmi-texniki potensialı, müəllim-tələbə kontingenti, xarici əlaqələri, fakültə və ixtisasları haqqında danışıb. 

Öz növbəsində professor Mehmet Gavgalı da Karamanoğlu Mehmetbey Universiteti haqqında məlumat verib. Rektor Karamanoğlu Mehmetbey Universitetində yaxın gələcəkdə memarlıq fakültəsinin yaradılacağını və bu prosesdə AzMİU-nun memarlıq üzrə ali təhsil sahəsindəki zəngin təcrübəsindən yararlanmaq niyyətində olduqlarını bildirib. 

Görüş zamanı nümayəndə heyətinin iştirakı ilə uyğun ixtisaslar üzrə əməkdaşlıq məsələləri müzakirə olunub və qərara alınıb ki, əməkdaşlıq üzrə iş planının hazırlanması üçün hər iki universitetdən olan mütəxəssislərdən ibarət işçi qrupu yaradılsın. 

Bunlardan əlavə, görüşdə iki universitet arasında müəllim-tələbə mübadiləsi, beynəlxalq təhsil proqramlarında və layihələrində birgə iştirak məsələləri, həmçinin sənaye-universitet əməkdaşlığı üzrə Azərbaycan və Türkiyə təcrübələri müqayisəli şəkildə müzakirə olunub.
 

07-09-2023